Üçüncü Şio - Xahiş edirəm mənim üçün, Kilsəmizin gələcəyi üçün dua edin, çünki dualarınız mənə Kilsəyə və mübarək gürcü millətinə sədaqət və təvazökarlıqla xidmət etmək üçün güc verəcək
Bu dəqiqələrdə böyük mənəvi atamız Katolikos-patriarx İkinci İlianın pastoral rəhbərliyinin yolunun nə qədər tikanlı və çətin olduğunu xüsusilə hiss edirəm. İtaətkar və sevən övladlar kimi, onun mənəvi irsinə qayğı göstərməli və onun yolunu, Tanrıya, Vətənə və insana xidmət yolunu davam etdirməliyik – bu haqda Gürcüstanın Müqəddəs Apostol Avtokefal Pravoslav Kilsəsinin rəhbəri, Zati-aliləri, Bütün Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum Abxaziya mitropoliti, Üçüncü Şio Svetitsxovelidə moizəsində deyib.
“Kilsəni və imanı möhkəmləndirmək, insanlar arasında sevgini artırmaq, birlik və sülhü bərqərar etmək üçün sədaqətlə çalışaq. Bu gün sizin qarşınızda dayanaraq, bir daha Kilsəmizin və millətimizin mübarək keçmişini, onun himayədarı olan qəhrəmanları, qəhrəman əcdadlarını, müqəddəs çar-çariçalarını xatırlayıram və öz acizliyimi, insani zəifliyimi daha dərindən hiss edirəm. Rəbbin niyyətini və təqdirini dərk etmək, “Tanrı niyə imkan verdi, niyə mənim belə böyük bir lütfü və xidmət yükünü daşımağımı istədi?” sualına cavab tapmaq qeyri-mümkündür, lakin mən şərəfini, əzəmətini və ağırlığını dərk edirəm. Mərhəmətli Rəbbə, Müqəddəs Məryəm anaya, müqəddəs həvari Andriaya və pravoslav kilsəsinin müqəddəslər panteonuna, möhtərəm Şio Mğvimeliyə və möhtərəm Aleksi Senakeliyə (Şuşania) ümid edirəm, onlara minnətdarlığımı bildirirəm və katolikos-patriarxlığın ən çətin yolunda onlardan kömək və xeyir-dua diləyirəm” – Üçüncü Şio bildirib.
Patriarx Sinodun baş rahiblərinə və xalqa dəstək və etimada görə təşəkkür edib.
“Gürcüstan Kilsəsinin Müqəddəs Sinodunun baş rahiblərinə mənə göstərdikləri bu böyük etimada görə təşəkkür edirəm. Bu çətin günlərdə və dəqiqələrdə dualarınız və dəstəyiniz üçün sizə — sevimli xalqımıza, möminlərimizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Zati-aliləri Katolikos-patriarx İkinci İlianın dediyi kimi, duaları, dəstək və sevgisi üçün fəxr etdiyimiz ruhanilərimizə və rahiblərimizə təşəkkür edirəm. Xahiş edirəm mənim üçün, Kilsəmizin gələcəyi üçün dua edin, çünki dualarınız mənə Pravoslav Kilsəsinə və mübarək gürcü millətinə sədaqət və təvazökarlıqla xidmət etmək üçün güc verəcək. Qoy sevgi və imanla möhkəmlənmiş birlik içində Rəbbi ucaldaq və tək sürü, tək çoban olaq” — Üçüncü Şio qeyd edib.