Üçüncü Şio – Gürcüstanı, Kilsəmizi bürüyən çoxsaylı fırtınalara baxmayaraq, heç bir fırtına İkinci İlianı sarsıda bilmədi, sarsılmaz şəkildə Rəbbə doğru can atırdı və bütün milləti özü ilə aparırdı

10:59, 03.08.2026

Sevimli böyük möhtərəmimiz və atamız İlianı, onun əməyini, şəxsiyyətini bir daha xatırlamaq və ona olan minnətdarlığımızı və sevgimizi ifadə etmək üçün bu gün toplaşmışıq. Tanrı onun ruhuna rəhmət eləsin və Səmavi Krallığa sakin etsin, ona rahatlıq bəxş etsin – bu haqda Ümumi Gürcüstanın Katalikos-patriarxı, Mtsxeta-Tbilisinin baş yepiskopu və Bicvinta və Tsxum-Abxaziya mitropoliti Üçüncü Şio İliaoba bayramı ilə əlaqədar Əqdəs Üçlük Patriarxlıq Məbədində moizəsi zamanı deyib.

Üçüncü Şio İncildən bu gün oxunan epizodun əhəmiyyətindən danışıb və Katalikos-patriarx İkinci İlianın fəaliyyətini xatırlayıb.

“Ata, Oğul və Müqəddəs Ruhun adı ilə!

Ali din xadimləri, möhtərəm atalar, əziz qardaşlar və bacılar, sizi İliaoba münasibətilə təbrik edirəm!

Bu gün müqəddəs peyğəmbər Tişbeli İlianın anım günüdür. Bu gün həm də müqəddəs Saleh İlianın (Cavcavadzenin) anım günüdür.

Bu gün biz həmişə bir araya gələr və Ümumi Gürcüstanın Katalikos-patriarxı İkinci İlianı Mələk Günü münasibətilə təbrik edərdik.

Adını çəkdiyim bu üç böyük xadim tamamilə fərqli dövrlərdə, fərqli zamanlarda yaşayıblar, lakin onları əsas bir şey birləşdirirdi – onlar öz xalqlarının, millətlərinin mənəvi rəhbərləri idilər, böyük təəssübkeşliklə həqiqi imanı qoruyurdular və mənəvi, milli dəyərlərlə mübarizə aparan qüvvələrə qarşı dururdular. Demək olar ki, bu dəyərlərin xilas edilməsi işində həlledici rol oynadılar.

Bu gün Gürcüstan üçün, inkişafımız üçün, tariximiz üçün xüsusilə əhəmiyyətlidir, çünki bu gün Txoti dağında Müqəddəs Həvarilərə bərabər Çar Mirianın başına gələn möcüzə qeyd olunur. Xatırladığınız kimi, məhz bu möcüzə onun həqiqi imana gəlməsinə səbəb oldu; bu möcüzədən sonra o, xristianlığı qəbul etməyə qərar verdi və daha sonra xristianlığı dövlət dini elan etdi.

Bu böyük hadisənin 1700 illiyini bu il qeyd edirik. Beləliklə, bu gün bizim hamımız üçün xüsusi bir gündür.

Bu gün Əlahəzrətləri və Müqəddəsləri barədə, onun fəzilət və keyfiyyətləri haqqında çox şey demək istəyirik. Bu gün biz bunu həmişə böyük minnətdarlıq və sevgi ilə qeyd edərdik, lakin diqqətinizi onun həyatından və əməyindən gələn, bu gün oxunan İncillə möcüzəvi şəkildə səsləşən xüsusi keyfiyyətlərinə cəlb etmək istəyirəm.

Bu gün siz dənizdə gəzmək möcüzəsi haqqında epizodu dinlədiniz. Məsih beş çörək və iki balıqla “qadınlar və uşaqlardan başqa” (Matta 14, 21) – İncildə dəqiqləşdirildiyi kimi – beş min nəfəri doyurduqdan sonra bu insanları yola saldı, buraxdı və həvarilərə tapşırdı ki, O olmadan Cəlilə dənizini keçib Genesaretə getsinlər, Özü isə təkbaşına dua etmək üçün qaldı.

Gecə yarısı dəhşətli fırtına qopdu, həvarilər isə qayıqla dənizdə idilər, küləyin təsirindən qayıq çox yırğalanırdı, çünki Müjdəçi Mattanın dediyi kimi, “əks külək əsirdi”. Qəfil onlar Rəbb İsa Məsihin dənizdə gəzərək yanlarına gəldiyini görürlər və çox qorxurlar, bunun bir xəyal olduğunu düşünürlər, lakin Rəbb onlara deyir: “Qorxmayın, Bu mənəm, cəsarətli olun!”. Petre Ona dedi: “Əgər Sənsənsə, ey Rəbb, əmr et ki, mən də qayıqdan düşüb Sənə tərəf gəlim“. “Gəl”, – dedi Rəbb. Petre də qayıqdan düşüb yeriməyə başladı, lakin bu fırtınanı, fırtınanı müşayiət edən dəhşətli səs-küyü görəndə qorxdu, batmağa başladı və qorxudan qışqırdı: “Məni xilas et, ey Rəbb! Mənə kömək et!”. Rəbb də ona dedi: “Niyə şübhə etdin, az imanlı?!” – əlini uzatdı, onu tutdu, qayığa qaldırdı və fırtına da sakitləşdi. Onlar Məsih ilə birlikdə o biri tərəfə keçib Genesaret şəhərinə getdilər (Matta 14, 22-34).

İncildən oxunan bu epizod, istər-istəməz bizə imanımıza, vicdanımıza, qəlbimizin ən yaxşı istəklərinə hücum edən və kiçik qayığımızı batırmağa çalışan həyat fırtınaları ilə dolu həyatımızı xatırladır.

Bəzən bizə elə gəlir ki, xilas heç yerdən yoxdur, lakin bugünkü İncillə Rəbb bizə öyrədir ki, hər cür fırtınada, hər cür həyəcanda Rəbb İsa Məsihin bu təsəlliverici, əziz sözləri eşidilir: “Qorxmayın, mən sizinləyəm, cəsarətli olun!“

Əgər bu sözləri eşitsək, Petre kimi Rəbbə tərəf yönəlsək, Ona doğru can atsaq, O, mütləq əlimizdən tutacaq, qayığımıza daxil olacaq və biz Onun yol yoldaşı olacağıq, fırtına da mütləq yatacaq və O, bizi dinc sahilə aparacaq; Onun imanı, Onun lütfü və qüdrəti bizi yaşadığımız, çağırıldığımız və təyin olunduğumuz məqsədə çatdıracaq.

Təki bizdə nə olsun, əziz qardaşlar və bacılar?! – Təki bu mənəvi eşitmə qabiliyyətimiz bizi yanıltmasın ki, Rəbbin bu sözlərini həmişə eşidək: “Mən sizinləyəm, cəsarətli olun, qorxmayın!”

Ümumi Gürcüstanın Katalikos-patriarxı İkinci İlianı xatırlayarkən, yəqin ki, hamınız mənimlə razılaşarsınız ki, o, bu xüsusiyyəti ilə möcüzəvi şəkildə fərqlənirdi – bu mənəvi eşitmə qabiliyyəti onu heç vaxt yanıltmadı və o, həmişə Rəbbin bu əziz sözlərini eşidirdi: “Mən sizinləyəm, cəsarətli olun və qorxmayın!”.

O, bütün həyatı boyu yalnız özü bu sözləri eşitmək üçün deyil, bütün millətin, bütün gürcü xalqının Rəbbin bu sözlərini eşitməsi üçün fəaliyyət göstərirdi. Gürcüstanı və kilsəmizi bürüyən çoxsaylı fırtınalara baxmayaraq, Katalikos-patriarx İkinci İlianın rəhbərliyi dövründə bu fırtınaların heç biri Əlahəzrətləri və Müqəddəslərini qorxuda, sarsıda bilmədi; belə sarsılmaz şəkildə Rəbbə doğru can atırdı və bütün milləti özü ilə aparırdı, kilsənin gəmisini belə möhkəm iman və əzmkarlıqla idarə edirdi və bizə, bütün mənəvi övladlarına nizama salınmış, gücləndirilmiş və çoxalmış kilsə qoyub getdi.

Əlbəttə, bütün bunlara görə ona çox minnətdarıq, bütün gürcü milləti minnətdardır və onun vəfatı və dəfn günlərində xüsusi bir qüvvə ilə üzə çıxan böyük sevgi, ehtiram və sədaqətlə cavab verir.

Sevimli böyük möhtərəmimiz və atamız İlianı, onun əməyini, şəxsiyyətini bir daha xatırlamaq və ona olan minnətdarlığımızı və sevgimizi ifadə etmək üçün bu gün toplaşmışıq. Tanrı onun ruhuna rəhmət eləsin və Səmavi Krallığa sakin etsin, ona rahatlıq bəxş etsin.

Sizi bir daha İliaoba bayramı münasibətilə təbrik edirəm. Müqəddəs peyğəmbər İlianın duası ilə, müqəddəs Saleh İlianın (Cavcavadzenin) duası ilə Tanrı sizi hifz etsin və sizi sevindirsin!

Tanrı bütün Gürcüstanı hifz etsin, onu qorusun, birləşdirsin və gücləndirsin. Amin!” – Üçüncü Şio bildirib.

 

Oxşar