“Üç İntibahın Ölkəsi” – Birinci Kanalın yeni sənədli filminin təqdimatı keçirilib [şəkil]
Özbəkistanın çoxəsrlik tarixi, zəngin mədəniyyəti və sivilizasiya irsi – İctimai Yayımçının kinozalında bu gün Birinci Kanalın yeni sənədli filminin təqdimatı keçirilib.
Filmin adı “Üç İntibahın Ölkəsi”dir. Ekran əsəri tamaşaçını Özbəkistanın mədəni və tarixi keçmişi ilə tanış edir və ölkənin inkişafının mühüm mərhələlərini nümayiş etdirir.
Sənədli filmin ssenari müəllifi Vasil Mağlaperidze, rejissoru isə Levan Axobadzedir.
“İctimai Yayımçının sənədli filmlər studiyası tamaşaçımıza bir çox filmlər təklif edir. Bu, çox fəxr etdiyimiz fasiləsiz silsilədir. Bu dəfə Özbəkistan haqqında sənədli film təqdim edirik. Bu film üzərində işləyərkən qrup və sonra biz, hamımız qonşu ölkələr haqqında nə qədər az şey bildiyimizi kəşf etdik. Tarixi biliyə, bizə sanki çox yaxın olan mədəni rəngarəngliyə baxmayaraq, düşünürəm ki, tamaşaçı sanki təsəvvürü olduğu, lakin haqqında məlumatı olmadığı detalları kəşf edəcək. Bu, onda həmin ölkəni daha yaxşı öyrənmək və ya ora səyahət etmək marağı oyada bilər. Bu layihə çox sürətlə yayda planlaşdırılıb və qrupumuz tərəfindən həyata keçirilib. Görəcəksiniz ki, süni intellekt dövründə – deyərdim ki, çox istedadlı operatorlarımız tərəfindən çəkilmiş hər bir kadr özlüyündə tamaşaçıda bu filmə qarşı xoş əhval-ruhiyyə yaradır“ – Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvili açıqlayıb.
Filmin rejissoru Levan Axobadze çəkilişlərin cəmi beş gün ərzində aparıldığını bildirib.
“Bu film üzərində işləmək mənim üçün çox maraqlı idi. İnsan hər zaman öz dünyagörüşünü genişləndirməyə, yeni bir şey dərk etməyə çalışır. Bu baxımdan Özbəkistan mənim üçün çox böyük bir kəşf oldu. Əminəm ki, təkcə mənim üçün deyil, tamaşaçı üçün də böyük kəşf olacaq. Çətin idi, asan deyildi. Bu filmi həqiqətən beş günə çəkdik” – Levan Axobadze qeyd edib.
Nümayişdə səfirliklərin nümayəndələri iştirak edirdilər.
Filmin televiziya premyerası bazar günü, noyabrın 15-də, saat 20:30-da baş tutacaq.













