Ufada neft emalı zavodunda yanğın baş verib
Ufada neft emalı zavodunda yanğın baş verib – bu haqda Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, yanğın yandırma sobasının yaxınlığında baş verib.
Nazirliyin izahatında, zavodun yaxınlığında yerləşən yaşayış məntəqələrinin sakinləri üçün təhlükə olmadığı deyilir. Havanın keyfiyyətinə dair monitorinq aparmaq üçün əraziyə laboratoriya göndərilib.
“Telegram” kanallarında yayılan məlumata əsasən, zavodda partlayış baş verib, ondan əvvəl “vətəndaşlar dronların səsini eşidiblər”. Partlayış nəticəsində yaranan təkanlar hadisə yerinə yaxın yerləşən evlərdə də hiss olunurdu. Onların məlumatına əsasən, yanğın 100 kvadratmetr ərazidə yayılıb. Zərərçəkənlər haqda məlumat yayılmayıb.
Yanğın başlayandan bir neçə saat sonra Başqırdıstanın Fövqəladə Hallar İdarəsində yanğın ocaqlarının lokallaşdırıldığını bildiriblər.
Məlumat üçün bildirək ki, Ukrayna sonuncu dəfə fevralın 24-də Rusiyanın neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə zərbə endirmişdi. Həmin zaman dronlarla Ryazan neft emalı zavoduna hücum etmişdilər.