Türkiyənin yeni ədliyyə nazirinin təsdiqi zamanı deputatlar arasında fiziki qarşıdurma yaşanıb
Türkiyənin yeni ədliyyə nazirinin təsdiqi zamanı deputatlar arasında fiziki qarşıdurma yaşanıb

Türkiyənin yeni ədliyyə nazirinin təsdiqi zamanı ölkə parlamentində dava baş verib. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və müxalifət deputatları Nazirlər Kabinetinin yenidən təşkili çərçivəsində Akın Gürlekin ədliyyə naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi zamanı qarşıdurmaya giriblər.

Müxalifət deputatları Akın Gürlekin parlamentdə and içməsinə mane olmağa cəhd ediblər.

Akın Gürlek məhkəmə sistemində yüksək vəzifəyə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təyin olunub. İstanbulun baş prokuroru vəzifəsində çalışarkən Gürlek əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) bir neçə üzvünə qarşı aparılan və müxalifətin uzun müddətdir siyasi motivli adlandırdığı rezonanslı məhkəmə proseslərinə rəhbərlik edib. Qarşıdurma səbəbindən parlamentin sədri iclası nizam-intizam bərpa olunana qədər 15 dəqiqəlik dayandırıb. Akın Gürlek daha sonra hakim partiya deputatlarının əhatəsində and içib.

Gürlek noyabr ayında İstanbulun keçmiş meri, müxalif siyasətçi Əkrəm İmamoğluna qarşı genişmiqyaslı ittiham irəli sürüb. İttihamda o, korrupsiya və mütəşəkkil cinayətkarlıqla bağlı 142 epizod üzrə günahlandırılıb.