Türkiyənin Ticarət Nazirliyində bildirirlər ki, əsas məqsədlərindən biri Azərbaycan, Gürcüstan və Türkiyə arasında tranzit prosedurlarını sadələşdirməkdir. Bunun isə yeni investisiyalara da yol açacağı gözlənilir

17:27, 28.09.2026

“Əsas məqsədlərimizdən biri Azərbaycan, Gürcüstan və Türkiyə arasında tranzit prosedurlarını sadələşdirmək, sərhəd-keçid məntəqələrində gözləmə vaxtını aradan qaldırmaq, həmçinin bu ölkələrin beynəlxalq standartları tətbiq etməsi və ticarət və tranzit proseslərini asanlaşdırmaq üçün zəruri infrastrukturun yaradılmasıdır”, – Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmak Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında gömrük məsələləri üzrə üçtərəfli komitənin 5-ci iclasında jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu üç ölkə həm beynəlxalq tranzit və qonşuluq münasibətləri, həm də Şərq-Qərb ticarəti baxımından çox mühüm mövqeyə malikdir.

Sezai Uçarmakın sözlərinə görə, hər üç ölkədə avtomobil, dəmir yolu və dəniz nəqliyyatı infrastrukturlarına mühüm investisiyalar yatırılır.

“Biz bunu aydın şəkildə görürük. Gürcüstana vaxtaşırı səfər etdiyim zaman yolların inkişafını müşahidə edirəm. Eyni inkişafı Azərbaycandakı infrastrukturda da görürük. Burada bir məqamı qeyd etməliyik: Qərbdə istehlak, Şərqdə isə istehsal üstünlük təşkil edir. Təbii olaraq, bu istiqamətdə yük və malların əhəmiyyətli hərəkəti var.

Lakin yerləşdiyimiz coğrafiyada, konkret olaraq Orta Dəhliz adlandırdığımız marşrutda ümumi tranzit ötürücülük qabiliyyəti hazırda kifayət qədər aşağıdır. İnfrastruktur daha da inkişaf etdirilsə, prosedurlar sadələşdirilsə, bütün proseslər bir-biri ilə uyğunlaşdırılaraq vahid sistemə inteqrasiya olunsa, əminik ki, tranzit daşımaların həcmi daha da artacaq.

Mən bunu yalnız daşımalar baxımından qiymətləndirmirəm. Bu proses yeni investisiyalara da gətirib çıxaracaq. Çünki mallarla ticarətin belə bir xüsusiyyəti var: əhəmiyyətli iqtisadi dəyəri yalnız malı bir nöqtədən digərinə daşımaqla yaratmaq mümkün deyil”, – deyə o bildirib.

Oxşar