Türkiyənin Müdafiə Nazirliyində bildirirlər ki, Rusiyanın “S-400” tipli hava hücumundan müdafiə sistemi ilə bağlı işlər hələ də davam edir
Türkiyənin Müdafiə Nazirliyi Rusiyanın “S-400” tipli hava hücumundan müdafiə sistemi ilə bağlı işlərin davam etdiyini açıqlayıb. Bu barədə Türkiyə mediası yazır.
Bununla yanaşı, Türkiyənin Müdafiə Nazirliyi Ankaranın “S-400” tipli hava hücumundan müdafiə sistemini satmağa və ya başqa ölkəyə verməyə çalışdığı barədə məlumatları təsdiqləməkdən çəkinir. İddialara görə, bu addım Türkiyənin ABŞ-ın “F-35” proqramına qayıtmasına imkan yaratmaq məqsədi daşıyır.
“‘S-400’ uzaqmənzilli regional hava və raket hücumundan müdafiə sistemləri ilə bağlı çoxşaxəli işlər davam edir. Konkret nəticələr barədə ictimaiyyətə onlar əldə olunduqda məlumat veriləcək”, – deyə Türkiyənin Müdafiə Nazirliyindən bildirilib.
Xatırladaq ki, 2019-cu ildə Türkiyənin Rusiyanın hava hücumundan müdafiə sistemini almasının ardından ABŞ Türkiyəyə sanksiyalar tətbiq edib və onu “F-35” proqramından çıxarıb. NATO sammitində ABŞ Prezidenti Donald Tramp Türkiyəyə qarşı sanksiyaların ləğvi imkanını nəzərdən keçirdiyini bildirib.