Türkiyənin energetika naziri – Azərbaycanın təbii resurslarının Türkiyəyə ixracı ilə bağlı bütün layihələr Bakı ilə birlikdə həyata keçiriləcək
Türkiyənin energetika naziri – Azərbaycanın təbii resurslarının Türkiyəyə ixracı ilə bağlı bütün layihələr Bakı ilə birlikdə həyata keçiriləcək

Hazırda Azərbaycandan elektrik enerjisinin ixracı Gürcüstan vasitəsilə həyata keçirilir, lakin yaxın zamanda bütün enerji resurslarının ixracı Zəngəzur dəhlizi ilə baş tutacaq – bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraqdar Azərbaycana səfəri zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın təbii resurslarının, o cümlədən neft, təbii qaz və elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı bütün layihələr Bakı ilə birgə həyata keçiriləcək.

“Bu istiqamətdə irəliləyiş əldə olunub. İndiyədək həyata keçirilən layihələrə misal olaraq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, həmçinin Naxçıvan-Türkiyə interkonnektorunu göstərə bilərəm. Hazırda Azərbaycandan Türkiyəyə elektrik enerjisi Gürcüstan üzərindən ixrac olunur, lakin yaxın vaxtlarda bütün enerji resurslarının və digər logistik həllərin Türkiyəyə çatdırılması Zəngəzur dəhlizi vasitəsilə olacaq. Eyni zamanda, enerji resursları və logistik həllər Mərkəzi Asiyadan Azərbaycandan keçərək Türkiyəyə, Türkiyədən isə Avropaya çatdırılacaq,” – deyə Türkiyənin energetika naziri bildirib.