Türkiyənin daxili işlər naziri ötən gecə ölkə miqyasında aksiyalarda daha 43 nəfəri saxladıqlarını bildirib
Türkiyədə artıq altıncı gündür etiraz aksiyaları keçirilir. İstanbulun meri Ekrem İmamoğluna dəstək üçün minlərlə insan İstanbul, Ankara və Türkiyənin digər şəhərlərində küçələrə çıxıb.
Medianın yazdığı kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı bibər spreyi, gözyaşardıcı qaz və su şırnağından istifadə ediblər, aksiya iştirakçıları isə onlara tərəf pirotexnika atıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya gecə daha 43 nəfəri saxladıqlarını bildirib. Ümumilikdə 1176 nəfər saxlanılıb.
Xatırladaq ki, Türkiyədə aksiyalar İstanbulun meri Ekrem İmamoğlunun saxlanılmasından sonra başlayıb. İmamoğlu barəsində məhkəmə artıq həbs qətimkan tədbiri seçib. O, korrupsiyada və terror qruplaşmasına dəstək verməkdə ittiham olunur.