Türkiyənin dağ-xizək kurortunda mehmanxanada yanğın nəticəsində həlak olanların sayı 66-ya yüksəlib

17:31, 21.01.2025

 
Türkiyənin dağ-xizək kurortunda mehmanxanada yanğın nəticəsində həlak olanların sayı 66-ya yüksəlib, 51 nəfər yaralanıb. Bu haqda türk mediası yerli hakimiyyət orqanlarına istinadən yazır. Hadisə Bolu əyalətində yerləşən Kartalkaya kurortunda baş verib.

Yanğın yerli vaxtla saat 03:30-da 11 mərtəbəli mehmanxananın dördüncü mərtəbəsində baş verib. Mehmanxanada 161 nömrə var. Mehmanxananın yerləşdiyi yer fövqəladə hallar xidmətlərinin yanğını söndürməsini və xilasetmə əməliyyatı aparmasını çətinləşdirib. Qonaqlar yanan mehmanxananın pəncərələrindən qaçmağa çalışıblar.

Medianın məlumatında, hadisə yerinə təcili xidmət qrupları, o cümlədən 30 yanğınsöndürən və 28 təcili yardım avtomobilinin səfərbər olunduğu deyilir. Yanğının söndürülməsi və xilasetmə əməliyyatına 231 mütəxəssis cəlb olunmuşdu.

Bolu əyalətinin qubernatoru Abdulaziz Aydının bəyanatına əsasən, yanğının səbəbi hələlik məlum deyil, lakin yanğının restoranın yerləşdiyi mərtəbədə baş verdiyi bilinir.

Hadisə Türkiyədə tətil mövsümünə, dağ kurortunda çoxlu ziyarətçinin olduğu vaxta təsadüf edib. Hadisə zamanı mehmanxanada 234 qonaq olub. Ədliyyə naziri yanğınla bağlı istintaqın başlanıldığını açıqlayıb.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisəyə münasibət bildirib, dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını arzulayıb. O, vəziyyəti yaxından izlədiyini bildirib. Ərdoğanın tapşırığı ilə daxili işlər, səhiyyə və turizm nazirləri, eləcə də Fövqəladə Halların İdarəedilməsi Agentliyinin rəhbəri kurorta gediblər.

Kartalkaya dağ-xizək kurortu Boludan 38 kilometr və İstanbuldan 270 kilometr məsafədə, Koroğlu dağlarında yerləşir.

Oxşar