Türkiyədə, Hatay vilayətində yanğın yaşayış məntəqələrinə yaxınlaşıb, bu səbəbdən əhalinin təxliyəsi zəruri olub
Türkiyənin Hatay vilayətində baş vermiş yanğın yaşayış məntəqələrinə yaxınlaşıb. Bu səbəbdən əhalinin təxliyəsi vacib hesab olunub. Regionun valisi Mustafa Masatlı bildirib ki, 20 evdən insanlar təxliyə olunub.
“Biz təxliyəyə başladıq. Hazırda 20 evdən təxliyə həyata keçirilib və həmin vətəndaşlar yataqxanalara yerləşdirilib. Bundan əlavə, onların ehtiyacları da qarşılanır,” – deyə vali bildirib.
Xatırladaq ki, Türkiyədə bir neçə gündür ki, meşə yanğınları ilə mübarizə aparılır. Yanğınlar İzmir və Bilecik vilayətlərində də baş verib. İsti hava və güclü külək səbəbilə yanğın sürətlə meşəlik ərazilərə yayılıb və yaşayış məntəqələrinə yaxınlaşıb. İzmirdə yerləşən hava limanı müvəqqəti olaraq bağlanıb. Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bəyan edib ki, İzmir yaxınlığında yanğını qəsdən törətməkdə şübhəli bilinən bir kişi saxlanılıb.