Türkiyə tərəfi avtomatları Gürcüstan Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyat Komandanlığına təhvil verib
Türkiyə tərəfi avtomatları Gürcüstan Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyat Komandanlığına təhvil verib

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Komandanlığı Gürcüstan Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyat Komandanlığına müxtəlif növ avtomatlar təqdim edib.

Tədbirdə Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini general-mayor Zaza Çxaidze, Xüsusi Əməliyyatlar Komandanı polkovnik Teymuraz Klateişvili, Türkiyə Respublikasının səfiri Ali Kaan Orbay və müdafiə attaşesi polkovnik İlhan Oktendural iştirak ediblər.

Qonaqlar silahlara baxış keçirib, onların texniki-taktiki məlumatları ilə tanış olublar.

Daha sonra onlar Xüsusi Əməliyyat Komandanlığının atıcılıq poliqonuna keçərək yeni tüfəngləri təcrübədə sınaqdan keçiriblər.

Snayper tüfənglərinin təhvil verilməsi Gürcüstan və Türkiyə arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Gürcüstan və Türkiyənin müdafiə nazirlikləri uzun illərdir ki, müxtəlif istiqamətlərdə uğurla əməkdaşlıq edirlər.