Türkiyə Rusiya və Ukraynanı Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etməyə çağırır
Türkiyə Rusiya və Ukraynanı Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə çağırıb.
“Reuters”in məlumatına əsasən, Ankarada bu çağırış Rusiyanın Novorossiysk limanı yaxınlığında dronla həyata keçirilən hücum nəticəsində Türkiyəyə məxsus gəminin zədələnməsindən və heyətin üç üzvünün ağır yaralanmasından sonra edilib.
Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, Ankara Qara dənizdə mülki gəmilərə edilən hücumlardan ciddi şəkildə narahatdır.
Qurumdan həmçinin qeyd ediblər ki, Türkiyə vətəndaşlarının səhhətini diqqətlə izləyirlər.
Türkiyə mediasının məlumatına əsasən, Türkiyəyə tərəf hərəkət edən yük gəmisinə Rusiyanın Qara dəniz sahili yaxınlığında hücum edilib. Heyətin 22 üzvünün hamısı təxliyə olunub, onlardan üçü isə ağır yaralanıb.
Türkiyə Dənizçilik İşləri üzrə Baş İdarəsinin məlumatına əsasən, heyətin 13 üzvü Türkiyə vətəndaşıdır. Hücum nəticəsində gəmidə yanğın baş verib.
Türkiyə Dənizçilik İşləri üzrə Baş İdarəsində hücuma görə kimin məsuliyyət daşıdığını dəqiqləşdirməyiblər.