Türkiyə hökuməti – İsrail Baş nazirinin ofisinin əsassız ittihamları İsrailin Suriyanın suverenliyinə qarşı qanunsuz hava zərbələrinə haqq qazandırmaq məqsədi daşıyır
İsrail Baş nazirinin ofisinin irəli sürdüyü əsassız ittihamlar İsrailin Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı həyata keçirdiyi qanunsuz hava zərbələrinə haqq qazandırmaq məqsədi daşıyır. Bu barədə Türkiyə hökumətinin Kommunikasiya İdarəsinin yaydığı bəyanatda bildirilib.
Bəyanata görə, səsləndirilən ittihamlar Netanyahunun İsraildə keçiriləcək seçkilər ərəfəsində regionda ekspansionist və sabitliyi pozan siyasət yürütmək niyyətindən qaynaqlanır.
“Türkiyə, beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti kimi, regionumuzda davamlı sülhün möhkəmləndirilməsini dəstəkləyir. Bu məqsədə çatmağın yeganə yolu Netanyahunun aqressiv və məcburedici siyasətə son qoyması və beynəlxalq hüquqa hörmət etməsidir.
Türkiyə Suriyada sülhün, sabitliyin və rifahın bərqərar olması məqsədilə qanuni əsaslarla Suriya hökuməti ilə əməkdaşlığını qətiyyətlə davam etdirəcək və Suriyanın sabitliyinin pozulmasına heç vaxt imkan verməyəcək”, – deyə bəyanatda qeyd olunub.