Tsalka-Tetritskaro meşəçilik rayonunda ümumilikdə 118 hektar ərazidə meşəbərpa işləri aparılır

13:33, 21.09.2026

Milli Meşə Agentliyinin rəhbəri Besik Amiranaşvili Kvemo Kartli bölgəsinin Tsalka-Tetritskaro meşəçilik sahəsində meşəbərpa layihəsinin gedişatını yerində yoxlayıb. Bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Həmin məlumatlara əsasən, meşə örtüyünün əvvəllər intensiv ağac kəsimi və mal-qara otarılması səbəbindən ciddi şəkildə zədələndiyi Axalsheni kəndi yaxınlığındakı 12 hektarlıq ərazidə, meşələrin bərpası üzrə genişmiqyaslı layihə çərçivəsində 24 250 ədəd Qafqaz şamı tingi əkilib.

Hazırda Tsalka-Tetritskaro meşəçilik rayonunda ümumilikdə 118 hektar ərazidə meşələrin bərpası işləri aparılır. “Meşə təsərrüfatı sektorunda islahatların əsas prioritetlərindən biri deqradasiyaya uğramış meşələrin bərpasıdır. Buna uyğun olaraq, Milli Meşə Agentliyi meşələrin bərpası üzrə tədbirlərin – o cümlədən təbii bərpanın təşviqini nəzərdə tutan təşəbbüslərin – əhatə dairəsini ildən-ilə genişləndirir. Əhəmiyyətli məqam odur ki, bu fəaliyyətlərlə yanaşı, meşə inventarlaşdırması işləri də davamlı şəkildə həyata keçirilir.”Bu tədbirlərin məcmusu ölkə meşələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına və nəticə etibarilə meşə təsərrüfatı islahatının uğurla həyata keçirilməsinə töhfə verir”, – deyə Besik Amiranaşvili bildirib.

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, 2026-cı ilin sonunadək Milli Meşə Agentliyi ölkənin doqquz bölgəsində 2600 hektaradək ərazini əhatə edən meşəbərpa işləri həyata keçirəcək. Uzunmüddətli plana əsasən, 2031-ci ilədək ümumilikdə 51 000 hektaradək ərazidə meşəbərpa tədbirləri icra olunacaq.

Oxşar