Tsalka Munisipalitetində sahibi olan itin quduzluqdan ölməsi faktı qeydə alınıb
Tsalka Munisipalitetində sahibi olan itin quduzluqdan ölməsi faktı qeydə alınıb

 

Tsalka Munisipalitetinin Darakovi kəndində sahibi olan itin quduzluqdan ölməsi faktı qeydə alınıb. Milli Qida Agentliyinin məlumatına əsasən, agentliyin Kvemo Kartli Departamentinin baytar həkimləri epidemioloji tədqiqat aparıblar və patoloji materialdan nümunə götürüblər. Laborator müayinə ilə quduzluq təsdiqlənib.

“Agentliyin baytar həkimləri xəstəliyin ocağında dərhal karantin tədbirlərinə – heyvanların məcburi peyvəndlənməsinə, dezinfeksiya işlərinə, quduzluğa həssas heyvanların sağlamlığına nəzarətə başlayıblar. Faktla bağlı aidiyyəti səhiyyə orqanları məlumatlandırılıb.

Cari ildə, bütün ölkə miqyasında heyvanlar arasında quduzluğa 6 yoluxma hadisəsi aşkar edilib.

Milli Qida Agentliyi hər il quduzluğa qarşı pulsuz profilaktik peyvəndləmə aparır və 300 minə qədər ev heyvanını (it/pişik) peyvənd edir.

Eyni zamanda, Acara, İmereti, Kaxeti bölgələrində və Borcomi Munisipalitetində sahibsiz/sahibi olan heyvanların (it, pişik) populyasiyasının idarəolunması üzrə pilot proqram həyata keçirilir. Qeyd etmək lazımdır ki, quduzluğa nəzarət üzrə beynəlxalq təcrübə və tədqiqatlar göstərir ki, sahibsiz və sahibi olan itlərin populyasiyasına nəzarət və onların peyvəndlənməsi quduzluğun yayılmasının azalmasında və aradan qaldırılmasında mühüm rol oynayır.

Bu günə olan vəziyyətə görə 3761-dən çox sahibsiz/sahibi olan it kastrasiya/sterilizasiya edilib və quduzluq əleyhinə peyvənd vurulub. Pilot proqramı ilə nəzərdə tutulan tədbirlər davam edir.

Agentlik əhalini ev heyvanlarını (it, pişik) vaxtında peyvənd etməyə, eləcə də heyvanlarda quduzluq xəstəliyinin qarşısının alınması və insanların həyatının təhlükə altına düşməsinin qarşısının alınması məqsədilə sahibsiz və sahibi olan itlərin populyasiyasına nəzarəti nəzərdə tutan proqrama dəstək verməyə çağırır” – Milli Qida Agentliyinin məlumatında qeyd olunub.