"Transavia France" Gürcüstanın aviasiya bazarında fəaliyyətə başladı
"Transavia France" Gürcüstanın aviasiya bazarında fəaliyyətə başladı

 

Tbilisinin Şota Rustaveli adına Beynəlxalq Hava Limanında daha bir Avropa aviaşirkəti fəaliyyətə başladı. Gürcüstanın aviasiya bazarına “Transavia France” daxil olub. Aviaşirkət Paris-Tbilisi-Paris istiqamətində birbaşa müntəzəm reysləri aprelin 12-dən həftədə iki reys tezliyi ilə “A320” tipli təyyarə ilə yerinə yetirir.

Aviaşirkət fəaliyyətə başlamazdan əvvəl onunla intensiv və fəal danışıqlar aparılıb və bu danışıqları Gürcüstan Hava Limanları Birliyi uğurla tamamlayıb.

İlk reyslə Parisin “Orly” Hava Limanından 163 sərnişin Tbilisiyə gəlib. Sərnişinləri Şota Rustaveli adına Beynəlxalq Hava Limanında Gürcüstan Hava Limanları Birliyinin baş direktoru Levan Moseşvili, “TAV Georgia”nın baş menecerinin müavini Akaki Barkaia, Mülki Aviasiya Agentliyinin və sektorun digər nümayəndələri qarşılayıblar.

Gürcüstan Hava Limanları Birliyinin məlumatına əsasən, “Transavia France” 2006-cı ildə təsis edilmiş “Air France” və Hollandiyanın “Transavia”sına məxsus olan Fransanın aşağı büdcəli aviaşirkətidir. Onun əsas bazası Parisin “Orly” Hava Limanında yerləşir. Biletləri aviaşirkətin internet səhifəsində https://www.transavia.com/accueil/fr-fr əldə etmək olar.