Tramvay xəttinin layihələndirilməsi və tikintisi üçün keçirilən tenderə dörd şirkət təklif təqdim edib
Tbilisi Nəqliyyat Şirkəti tərəfindən elan olunan, tramvay xəttinin layihələndirilməsi və tikintisini nəzərdə tutan tender başa çatıb. Paytaxt meri Kaxa Kaladze şəhər hökumətinin iclasında bildirib ki, tender sənədlərini dörd xarici şirkət təqdim edib və onların təhlilindən sonra qalib müəyyənləşdiriləcək.
Onun sözlərinə görə, Böyük Diğomi yaşayış massivini “Didube” metro stansiyası ilə birləşdirəcək tramvay xəttinin həyata keçirilməsi planlaşdırılır ki, bu da şəhərin nəqliyyat sistemi və rahat hərəkət üçün mühüm əhəmiyyət daşıyır. Tenderdə iştirak etmək üçün dörd şirkət və birgə müəssisə müraciət edib; onlardan üçü Türkiyədə, biri isə Çində qeydiyyatdan keçib. Bütün iştirakçılar böyük və təcrübəli şirkətlərdir. Hazırda təqdim olunan sənədlərin detallı təhlili və tender şərtlərinə uyğunluğunun yoxlanılması prosesi davam edir, bundan sonra qalib şirkətlə müqavilə imzalanacaq.
Merin verdiyi məlumata görə, layihə Asiya İnkişaf Bankı satınalma qaydalarına uyğun elan olunub.
Tramvay xətti Böyük Diğomin 3-cü və 4-cü mikrorayonlarının birləşdiyi ərazidən başlayaraq Davit Ağaşenebeli prospekti və Diğomi massivi vasitəsilə “Didube” metro stansiyası yaxınlığına qədər uzanacaq. Xəttin təxmini uzunluğu 7,5 km olacaq və burada 11 dayanacaq yerləşəcək. Layihə çərçivəsində 11 tramvayın istismarı üçün nəzərdə tutulmuş depo da tikiləcək.
Layihə tamamlandıqdan sonra tramvay xətti vahid nəqliyyat şəbəkəsinə inteqrasiya ediləcək ki, bu da Böyük Diğomi sakinlərinin ictimai nəqliyyata çıxışını yaxşılaşdıracaq və səfər müddətini azaldacaq.
Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə üç mərhələdən ibarətdir: konseptual layihə, detallı layihə və tikinti. Ümumi icra müddəti 36 ay nəzərdə tutulur.