Tramvay xəttinin layihələndirilməsi və tikintisi məqsədilə elan olunan tenderin qalibi Türkiyədə qeydiyyatdan keçmiş birgə müəssisə olub
Tbilisinin Böyük Diğomi qəsəbəsini “Didube” metro stansiyası ilə birləşdirəcək tramvay xəttinin layihələndirilməsi və tikintisi üzrə elan olunmuş tenderin qalibi Türkiyədə qeydiyyatdan keçmiş birgə müəssisə olub. Bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında məlumat verib.
Kaladzenin sözlərinə görə, tender bu il martın 31-də Asiya İnkişaf Bankının satınalma qaydalarına uyğun olaraq açılıb. Müsabiqədə dörd iri şirkət və bir birgə müəssisə iştirak edib. Onlardan üçü Türkiyədə, biri isə Çində qeydiyyatdan keçib. Təkliflərin qiymətləndirilməsi başa çatıb və ən aşağı qiyməti təqdim edən Türkiyədə qeydiyyatdan keçmiş birgə müəssisə qalib elan olunub. Asiya İnkişaf Bankının qaydalarına əsasən, 14 günlük şikayət müddəti başa çatdıqdan sonra qalib şirkətlə müqavilə imzalanacaq.
Mer bildirib ki, layihə üç mərhələdən ibarətdir: konseptual layihənin hazırlanması, detal layihələndirmə və tikinti işləri. Müqavilə imzalandıqdan sonra bütün mərhələlərin icrası üçün 36 ay vaxt nəzərdə tutulub.
Tramvay xətti Böyük Diğominin üçüncü və dördüncü mikrorayonlarının birləşdiyi ərazidən başlayacaq, David Ağmaşenebeli xiyabanı və Diğomi massivi boyunca uzanaraq “Didube” metro stansiyasına qədər davam edəcək.
Layihəyə əsasən, tramvay xəttinin uzunluğu təxminən 7,5 kilometr olacaq və marşrut boyunca 11 dayanacaq yerləşəcək. Həmçinin 11 tramvay tərkibinə xidmət göstərə biləcək depo tikiləcək. Xəttin inşası ilə paralel olaraq, 10 tramvay tərkibinin alınması üçün ayrıca tender də elan ediləcək.
Kaxa Kaladze bu layihəni paytaxt üçün mühüm addım adlandıraraq bildirib ki, tramvayın Tbilisiyə qayıtması şəhərin ictimai nəqliyyat sisteminin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. O, layihənin hazırlanmasında iştirak edən bütün əməkdaşlara təşəkkür edib və işlərin gedişi ilə bağlı ictimaiyyətə mütəmadi məlumat veriləcəyini vurğulayıb.