Tornike Rijvadze işi ilə bağlı saxlanılan Aleksei Axvledian barəsində ittiham irəli sürülüb. Bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.
İstintaq orqanının məlumatına əsasən, Axvledian odlu silahı səhlənkar şəkildə saxladığı üçün, bu hərəkət ağır nəticəyə səbəb olduğuna görə ittiham olunur.
“Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polis İdarəsi tərəfindən aparılmış istintaqla müəyyən olunub ki, iyulun 6-da axşam saatlarında T.R. dostu A.A.-nın dəvəti ilə Saqareco şəhərində onun evində qonaq olub.
İyulun 7-də gecə saat 01:10-dan 01:30-a qədər olan müddətdə T.R. gizlicə A.A.-ya məxsus “Glock” sistemli odlu silahı götürüb. Həmin silah A.A. tərəfindən səhlənkar şəkildə yaşadığı evin yaxınlığındakı şüşəbənddə saxlanılırdı. Daha sonra T.R. silahı yenə gizlicə qonaq üçün ayrılmış yataq otağına aparıb və otaqda tək qaldıqda intihar məqsədilə sinəsinə atəş açıb. Bu hadisə nəticəsində onun sağlamlığına ağır dərəcəli zərər dəyib.
Hüquq-mühafizə orqanları A.A.-nı elə həmin gün saxlayıb. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 238-ci maddəsi (odlu silahın səhlənkar saxlanılması, bu isə ağır nəticəyə səbəb olduqda) ilə ittiham irəli sürülüb. Bu maddə üzrə cəza üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Prokurorluq qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsini tələb edəcək”, – deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleksei Axvledian, Tornike Rijvadze işi ilə əlaqədar təqsirləndirilən şəxs qismində saxlanılıb.
Tornike Rijvadze 7 iyul tarixində odlu silahdan yaralanmış halda Saqareco “GeoHospitals” klinikasına yerləşdirilib. Daha sonra o, Birinci Universitet Klinikasına köçürülüb. Tornique Rijkvadze işi ilə bağlı istintaq Gürcüstan CM-nin 115-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə aparılır.