Tinatin Ruxadze Orbeliani meydanı və Aleksandre bağı ətrafındakı ərazidə Müstəqillik Gününə həsr olunmuş tədbirlərə hazırlıq işləri ilə tanış olub
Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze Orbeliani meydanı və Aleksandre bağı ətrafındakı ərazidə Müstəqillik Gününə həsr olunmuş tədbirlərə hazırlıq işləri ilə tanış olub.
“Bu il Gürcüstanın Müstəqillik Gününü daha böyük məsuliyyətlə qarşılayırıq, çünki ölkəmiz xristianlığın dövlət dini elan edilməsinin 1700 illik yubileyini qeyd edir.
Sabah Tbilisidə və Gürcüstanın bölgələrində çağırışçılarımız and içəcəklər, hərbi parad keçiriləcək. Bayramın qeyd olunmasında bütün nazirliklər iştirak edir. Mədəni tədbirlər bütün Gürcüstanda keçiriləcək. Qeyd etmək istəyirəm ki, şərab və buğdanı xüsusi şəkildə təqdim edəcəyik. İdman tədbirləri, uşaq guşələri təşkil olunacaq; yerli məhsullar – gürcü sahibkarlarının əl işləri nümayiş etdiriləcək. Sabahkı böyük xalq bayramını layiqincə keçirmək üçün əlimizdən gələn hər şeyi edirik” – Tinatin Ruxadze bildirib.
Gürcüstanın Müstəqillik Günü Hökumət Administrasiyasının təşkilatçılığı ilə bütün ölkə miqyasında müxtəlif növ tədbirlərlə qeyd olunur.
Mayın 26-da bütün gün ərzində Tbilisidə bayram tədbirləri Atoneli küçəsində, Aleksandre bağında, Xazini və Pxovi, Purtseladze və Vekua küçələrində, ətraf ərazilərdə keçiriləcək. Saat 20:00-da Atoneli küçəsində qala-konsert keçiriləcək.
Xristianlığın dövlət dini elan edilməsinin 1700 illik yubileyi ilə əlaqədar olaraq, bu il Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbirlər “1700 ildir inam bizi gücləndirir, sevgi bizi birləşdirir” şüarı ilə keçirilir.