Tina Bokuçava – Saakaşvilinin paylaşımı mənim üçün son dərəcə məyusedicidir, bizi bu gün olduğumuz yerə belə impulsiv və qeyri-ardıcıl qərarlar gətirib çıxardı
Prezident Saakaşvilinin paylaşımını yolda olarkən oxudum. Xatırlayırsınızsa, altı gün əvvəl prezident Saakaşvili sosial şəbəkədə yazmışdı ki, “Vahid Milli Hərəkat”ın güclənməsi üçün zəruri hesab etdiyi dəyişiklikləri həyata keçirməkdə bir partiya sədri olaraq məni dəstəkləyir – bu barədə “Vahid Milli Hərəkat” partiyasının sədri Tina Bokuçava bildirib.
“Dünənki efirdə yenilənmiş etimad mandatına görə ona təşəkkür etdim, çünki partiya qurultayının məni seçdiyi iki illik səlahiyyət müddətim təxminən bir aydan sonra başa çatır. Ona görə də, düzünü desəm, bir neçə dəqiqə əvvəl yolda oxuduğum paylaşım mənim üçün gözlənilməz oldu. Mənim üçün son dərəcə məyusedicidir və hesab edirəm ki, bizi bu gün olduğumuz yerə belə impulsiv və qeyri-ardıcıl qərarlar gətirib çıxardı” – Tina Bokuçava bildirib.
Bununla yanaşı, partiyada qalıb-qalmayacağı ilə bağlı suala cavab olaraq Tina Bokuçava partiyadan getmək niyyətində olmadığını vurğulayıb.
Məlumat üçün bildirək ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazıb ki, “İyul ayında partiyadakı bütün vəzifəli şəxslərin səlahiyyət müddəti başa çatır. Sədr seçkilərinin rejimin müdaxiləsini istisna edən bir formatda keçirilməsi mütləqdir. Mənim sədrliyə namizədim Nanuka Jorjolianidir”.