"Times" - İranın ali lideri Ayətullah Əli Xamenei ölkənin təhlükəsizlik qüvvələri etirazı yatıra bilməsə, Moskvaya qaçmağı planlaşdırır
"Times" - İranın ali lideri Ayətullah Əli Xamenei ölkənin təhlükəsizlik qüvvələri etirazı yatıra bilməsə, Moskvaya qaçmağı planlaşdırır

 

İranın ali lideri Ayətullah Əli Xamenei ölkənin təhlükəsizlik qüvvələri etirazı yatıra bilməsə, Moskvaya qaçmağı planlaşdırır – bu haqda məqaləni “Times” dərc edir.

Qəzetə verilən kəşfiyyat hesabatına əsasən, vəziyyət pisləşərsə, 86 yaşlı Xamenei 20 köməkçisi və ailə üzvü ilə birlikdə Tehrandan qaçmağı nəzərdən keçirir.

“Plan B Xamenei, onun yaxın çevrəsi və ailəsi üçündür, o cümlədən oğlu və varisi Müctəba üçün” — kəşfiyyat mənbəyi “Times” qəzetinə bildirib və qeyd edib ki, bu plan “təhlükəsiz keçidi təmin etmək üçün aktivlərin, xaricdəki əmlakın və nağd pulun toplanmasını” nəzərdə tutur.

“Times”ın yazdığı kimi, Xameneinin aktivlərin geniş şəbəkəsi var.

2013-cü ildə “Reuters”in araşdırmasına əsasən, daşınmaz əmlak və şirkətlər də daxil olmaqla, onun ümumi aktivləri 95 milyard dollar miqdarında qiymətləndirilib. Mənbələr qeyd edirlər ki, Xamenei təhlükəsizlik qüvvələrinin onun əmrlərinə əməl etmədiyini hesab etsə, qaçış planı işə salınacaq. Xameneinin hərbi şəxslərin təyinatlarına nəzarət etməsinə baxmayaraq, o, ötən il İsraillə müharibədən sonra “zehni və fiziki cəhətdən zəifləyib”.

“Times” yazır ki, o, nadir hallarda ictimaiyyət qarşısına çıxır və son bir neçə gündə keçirilən etiraz aksiyaları zamanı bəyanat yaymayıb.

Məlumat üçün bildirək ki, insan hüquqlarını müdafiə edən təşkilatların bəyanatına əsasən, İranda bir həftə ərzində etiraz aksiyaları zamanı azı 16 nəfər həlak olub. Bütün ölkədə nümayişlər inflyasiyanın kəskin artması səbəbilə başlayıb və nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında zorakı toqquşmalara çevrilib.