"Times" - Britaniya Ukraynada sülhməramlı missiya yerləşdirmək planını azaldıb
“Times” nəşrinin məlumatına əsasən, Böyük Britaniya Ukraynada sülhməramlı missiya yerləşdirmək planını azaldıb.
Britaniya nəşrinin məlumatına əsasən, Böyük Britaniyanın hərbi rəhbərliyi Ukraynaya 30 000-lik kontingentin göndərilməsi ideyasından imtina edib. Bunun əvəzinə, hava məkanında təhlükəsizliyi təmin edəcək, ukraynalı hərbçilərin hazırlanmasına və Qara dənizin minalardan təmizlənməsinə dəstək göstərəcək “real missiya” planlaşdırılır.
Məlumat üçün bildirək ki, avqustun 13-də Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra Ukraynada üç il yarım davam edən müharibədə atəşkəs imkanının yarandığını bildirib.
“Biz bunu dəstəkləməyə hazırıq, o cümlədən döyüş əməliyyatları başa çatdıqdan sonra bizim tərəfimizdən işlənib hazırlanmış “dəstək qüvvələrimizi” yerləşdirməklə” – Starmer bildirib.
Bununla yanaşı, “Times”ın qeyd etdiyi kimi, “bu qüvvələr cəbhə xəttində olan hərbçiləri təchiz etməyəcəklər, ABŞ-nin rolu hələ də bəlli deyil”. Nəşrin məlumatına əsasən, Avropa ölkələrinin koalisiyası maddi-texniki təchizatı təmin edəcək, həmçinin Ukraynaya silah və hərbçilərin hazırlanması üçün mütəxəssislər verəcək, bu da Ukraynanın quru qoşunlarının bərpası və yenidən təşkilatlanması məqsədinə xidmət edəcək. Hərbçilərin hazırlanması “avropalı hərbçilərə hücum ehtimalının aşağı olduğu” Ukraynanın qərbində keçiriləcək.
Bununla birlikdə, “İstəklilər Koalisiyası” Rusiyanın hücumlarının qarşısını almaq, beynəlxalq uçuşların bərpasını və Ukraynanın Qara dəniz limanlarına gəmilərin təhlükəsiz girişini təmin etmək üçün “Eurofighter Typhoon” ya da “F-35” təyyarələri ilə Ukraynanın hava məkanını patrul etməyi planlaşdırır.
Starmer həmçinin bildirib ki, Böyük Britaniya Putini güzəştə getməyə məcbur etmək üçün sanksiyalar və daha geniş tədbirlər vasitəsilə Rusiyaya, xüsusən də iqtisadi sahədə təzyiqi gücləndirməyə hazırdır.