“TikTok” amerikalı istifadəçilərə xəbər verir ki, tətbiq Donald Trampın səyi nəticəsində Amerika Birləşmiş Ştatlarına qayıdır
“TikTok” Amerika Birləşmiş Ştatlarına qayıdır. “CNN”in yazdığı kimi, “TikTok” ABŞ-da fəaliyyətini dayandırdıqdan təxminən 12 saat sonra tətbiq 170 milyon istifadəçi üçün yenidən əlçatan olub. “TikTok”a daxil olan amerikalı istifadəçilər isə onun ABŞ-ın seçilmiş prezidenti Donald Trampın səyi nəticəsində geri qayıtdığı mesajı ilə qarşılaşırlar.
“Xoş gəlmisiniz. Səbriniz və dəstəyiniz üçün təşəkkür edirik. Prezident Trampın səyi ilə “TikTok” Amerikaya qayıtdı” – mesajda deyilir.
Yanvarın 19-da Tramp “TikTok” haqda qanunun icrasını təxirə salmaq üçün bazar ertəsi günü inauqurasiyadan sonra əmr verəcəyini açıqladı. Bəyanatdan bir neçə saat sonra amerikalı istifadəçilər üçün “TikTok” tətbiqinə və veb səhifəsinə çıxış bərpa edildi.
“TikTok”un sahibi olan şirkət tərəfindən yayılan bəyanatda qeyd olunub ki, tətbiqi xilas etmək haqda Trampın vədi onlara gözlənilən icra sərəncamı imzalanmamışdan əvvəl belə amerikalı istifadəçilər üçün çıxışı bərpa etməyə imkan verir.
“Xidmət provayderlərimizlə razılaşdırılmış şəkildə “TikTok” xidmətlərin bərpası prosesini həyata keçirir” – şirkətin bəyanatında deyilir.
Həmçinin, şirkətdə Trampa təşəkkür edirlər və “TikTok”u Amerikada saxlaya biləcəkləri həll yolu tapmaq üçün onunla əməkdaşlıq edəcəklərini bildirirlər.
“TikTok”dan başqa video redaktə proqramı “Capcut” və sosial tətbiq “Lemon8” kimi “ByteDance”in digər tətbiqləri də ləğv edildi və artıq əlçatan deyildi.
Məlumat üçün bildirək ki, qanun tətbiqin sahibi olan Çin şirkətini ya “TikTok”u satmağa, ya da yanvarın 19-dan ABŞ-da tətbiqə qadağa qoymağa məcbur edir.