“Telegraph” – Rusiya gizli şəkildə NATO ölkələrinə zərbə vurmağa imkan verəcək dron buraxılış bazaları tikir
Rusiya gizli şəkildə NATO ölkələrinə zərbə vurmağa imkan verəcək dron buraxılış bazaları tikir. Bu barədə “The Telegraph” məqalə dərc edir. Nəşrin məlumatına əsasən, Rusiya onların bəzilərindən artıq Ukraynaya hücum etmək üçün istifadə edir.
Jurnalistlərin əldə etdiyi məlumata əsasən, söhbət ümumilikdə 10 bazadan gedir ki, bunlardan yeddisindən artıq Ukraynaya hücumlar üçün istifadə olunur. Bununla belə, həmin bazaların yerləşdiyi mövqe onları NATO üçün də uzunmüddətli təhlükəyə çevirir.
“The Telegraph” yazır ki, bəzi bazalardan dronlar çox daha uzaq məsafələrə uça bilir və hətta Varşava kimi şəhərləri bombardman etmək imkanına malikdir.
Bununla yanaşı, Avropa ölkələrinin və Amerika Birləşmiş Ştatlarının kəşfiyyat məlumatlarına əsasən, Rusiya Polşaya qarşı silahlı təxribat törədə, kritik infrastrukturu hədəf ala və ya “saxta bayraq altında hücum” təşkil edərək bunda Ukraynanı ittiham edə bilər.
Əldə edilmiş sənədlər və peyk fotoları əsasında “The Telegraph” müəyyən edib ki, Rusiya, Belarus və Ukrayna sərhədləri yaxınlığında dronların buraxılması üçün ən azı 59 yeni dəmir yolu “uşuş zolağı” qeydə alınıb. Bəzi yerlərdə yeni uçuş zolaqlarının tikintisi hələ də davam edir.
“Fotomaterial bu yüksək texnologiyalı dronların sayında əhəmiyyətli artım olduğunu göstərib. Bazalardan birində eyni vaxtda 1 000-dən çox dronun saxlanılması üçün kifayət qədər anbar sahəsi var. Bir neçə mühüm obyektdə isə əlavə buraxılış relslərinin tikintisi aparılır, bu da Moskvanın dron təhlükəsini artırmaq ambisiyasından xəbər verir” – məqalədə qeyd olunur.