“Telegraph” – Donald Trampın Floridadakı iqamətgahının yaxınlığında təhlükəsizlik tədbirləri gücləndirilib, Mar-a-Laqo yaxınlığına iki raketdən müdafiə sistemi yerləşdirilib
ABŞ Prezidenti Donald Trampın Floridadakı iqamətgahının Mar-a-Laqo yaxınlığına iki “yer-hava” tipli zenit-raket müdafiə sistemi yerləşdirilib.
“Telegraph” ABŞ-nin Məxfi Xidmətinə istinadən xəbər verir ki, prezidentin təhlükəsizliyinə cavabdeh olan qurum “artmış təhlükə şəraitində” fəaliyyət göstərir və təhlükəsizlik tədbirlərini daim gücləndirir.
“ABŞ-nin Məxfi Xidməti artmış təhlükə şəraitində fəaliyyət göstərir. Qorunması bizə həvalə edilmiş şəxslərin təhlükəsizliyini təmin etmək üçün müdafiə əməliyyatlarımızı daim təkmilləşdirir, ən son vasitə, texnologiya və metodlardan istifadə edirik” – Məxfi Xidmətdən “Telegraph”a bildirilib.
Medianın verdiyi məlumata əsasən, Məxfi Xidmətin tələbi ilə Trampın səfəri zamanı Mar-a-Laqo ətrafındakı hava məkanı məhdudlaşdırılıb.
Yüksəkrütbəli şəxslərin, o cümlədən prezident və vitse-prezidentin mühafizəsini təmin edən xidmət bu il bəyanat yayaraq, onun mühafizəsi altında olan şəxslərə qarşı təhdidlərin 40 faiz artdığını bəyan etmişdi.
“Telegraph” yazır ki, artmış təhlükənin əsas səbəblərindən biri kimi ABŞ və İran arasındakı münaqişə göstərilir, lakin son illərdə ABŞ vətəndaşları tərəfindən Trampa qarşı bir neçə qətl cəhdi də olub.