ABŞ-ın yeni, guya “sülh planına” görə, Rusiya tərəfindən nəzarət edilən Donbas bölgəsinə görə Moskva Ukraynaya icarə haqqı ödəməlidir.
“Teleqraf”ın məlumatına görə, Tramp administrasiyasının razılaşmasına uyğun olaraq, Kiyev şərqi Donbas bölgəsinə nəzarətdən imtina edəcək, lakin onun hüquqi mülkiyyətini saxlayacaq. Rusiya isə regiona faktiki nəzarətinə görə hələlik məlum olmayan məbləğdə icarə haqqı ödəyəcək. Ukraynanın ərazi güzəştlərinə zorlanması ilə yanaşı, razılaşma Kiyevin hərbi qüvvələrinin sayının iki dəfə azaldılmasını və Ukraynanın uzaqmənzilli raketlərə sahib olmasının qadağan edilməsini nəzərdə tutur.
Plana əsasən, Ukraynada xarici qoşunların yerləşdirilməsi bloklanacaq və ABŞ-ın hərbi yardımı dayandırılacaq. Rus dili dövlət dili elan ediləcək və Rusiya pravoslav kilsəsinə işğal olunmuş ərazilərdə rəsmi status veriləcək. Planın şərtlərinə görə, atəşkəsin qorunub saxlanılmasına kömək etmək üçün Ukraynaya ABŞ və Avropa hökumətləri ilə təhlükəsizlik zəmanətləri barədə danışıqlar aparmaq icazəsi veriləcək.
Mənbələrin məlumatına görə, Ağ Ev Volodimir Zelenskiyə bildirib ki, o, bu şərtlərlə razılaşmalıdır, çünki Ukrayna prezidentinin mövqeləri korrupsiya qalmaqalı fonunda zəifləyib.
Qeyd edək ki, “Faynənşl Tayms” səsləndirilən guya “sülh planı”nın yeni detalları barədə məlumat yayıb; nəşrin mənbələrinin bildirdiyinə görə, bu plan Mayamidə Rusiya və ABŞ nümayəndələri tərəfindən hazırlanıb. Mənbələrə əsasən, yeni plan Kiyevin ciddi güzəştlər etməsini nəzərdə tutur.