Telavidə mehmanxanalardan birində baş vermiş insidentlə bağlı saxlanılan şəxsə qarşı prokurorluq qətimkan tədbiri olaraq girov tələb edir
Kaxetidə baş vermiş insidentlə bağlı saxlanılan şəxsə Cinayət Məcəlləsinin 120-ci maddəsinin birinci hissəsi ilə ittiham irəli sürüləcək, bu da sağlamlığa qəsdən yüngül xəsarət yetirməni nəzərdə tutur.
Prokurorluqda bəyan etdikləri kimi, qurum saxlanılan şəxs barəsində qətimkan tədbiri olaraq 5 000 lari məbləğində girovun seçilməsini tələb edəcək.
Telavidəki insident barədə dünən məlum olub. Daxili İşlər Nazirliyi baş verənlərlə bağlı rəsmi məlumat yayıb.
“Şahidlərin ifadələrinə əsasən, Telavidə mehmanxanalardan birində toy məclisi keçirilərkən orada istirahət edən xarici ölkə vətəndaşları mehmanxananın otağının eyvanından toydakı şəxsləri təhqir edib və avadanlığın üzərinə su töküblər. Bundan sonra da təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olan qadına fiziki xəsarət yetirib. Yaralı müvafiq tibbi yardımın göstərilməsi üçün klinikaya çatdırılıb. Keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxs saxlanılıb” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Məhkəmə saxlanılan şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə ehtimal ki, sabah baxacaq.