Telavi hava limanının yeni sərnişin terminalının tikintisi ilə bağlı tender elan edilib

15:17, 28.08.2026

Gürcüstan Hava Limanları İttifaqı Telavi hava limanının yeni sərnişin terminalının tikintisi ilə bağlı tender elan edib. Layihə başa çatdıqdan sonra hava limanı ildə təxminən 50 min sərnişinə xidmət göstərə biləcək.
Gürcüstan hökumətinin təşəbbüsü ilə həyata keçirilən Telavi hava limanının inkişaf layihəsi Kaxeti bölgəsində müntəzəm hava əlaqəsinin bərpasına və hava nəqliyyatına əlçatanlığın artırılmasına xidmət edir. Layihənin ölkədaxili hava əlaqələrinin yaxşılaşdırılmasına, regionlar arasında nəqliyyat imkanlarının genişləndirilməsinə, həmçinin Kaxetidə turist və biznes axınının artmasına töhfə verəcəyi gözlənilir.
Hava Limanları İttifaqının məlumatına görə, yeni terminalın memarlıq konsepsiyasını müvafiq müsabiqədə qalib gələn “KhmalaZe Architects” şirkəti hazırlayıb. Layihə müasir və funksional sərnişin infrastrukturunun yaradılmasını nəzərdə tutur. Memarlıq həllində Kaxetinin təbiəti və regiona xas xüsusiyyətlər də nəzərə alınıb.
Telavi hava limanının inkişafı Mestia hava limanının yeni terminalı layihəsi ilə paralel həyata keçirilir. Hər iki layihə Gürcüstanın regional hava limanlarının inkişafı üzrə vahid strategiyanın bir hissəsidir və onların ölkənin vahid aviasiya şəbəkəsinə inteqrasiyasına xidmət edir.
Tender təkliflərinin təqdim edilməsi 25–29 sentyabr tarixlərində mümkün olacaq. Qalib şirkət tikinti işlərini müqavilə imzalandıqdan sonra 21 ay ərzində başa çatdırmalıdır.

Oxşar