Texniki problem səbəbindən Böyük Britaniyada artıq ikinci gündür hava nəqliyyatında fasilələr yaşanır
Texniki problem səbəbindən Böyük Britaniyada artıq ikinci gündür hava nəqliyyatında fasilələr yaşanır.
Flightradar24-ün məlumatına görə, dünən Böyük Britaniya hava limanlarında təxminən 1 300 reys ləğv edilib. Bu gün səhər isə “Hitrou” və “Qatvik” hava limanlarında daha 279 reysin ləğv edildiyi qeydə alınıb.
Sərnişinlərə hava limanına yola düşməzdən əvvəl reysin statusunu öz aviaşirkətləri ilə dəqiqləşdirmələri tövsiyə olunur. Onlardan yalnız uçuşun həyata keçiriləcəyi təsdiqləndikdən sonra hava limanına getmələri xahiş edilir.
“Hitrou” hava limanında sərnişinlərə kömək məqsədilə terminallara əlavə əməkdaşlar cəlb olunub. Hava limanının administrasiyasının bildirdiyinə görə, onlar milli qurumlar və aviaşirkətlərlə əməkdaşlıq edərək fəaliyyətin mümkün qədər tez normal rejimə qaytarılmasına çalışırlar.
Məsələ ilə bağlı bu gün Böyük Britaniyanın hava hərəkətinin idarə edilməsi şirkəti NATS-ın baş direktoru Martin Rolf ölkənin nəqliyyat naziri Heydi Aleksanderlə görüşəcək.
NATS rəhbərinin sözlərinə görə, texniki nasazlıq kiberhücumla bağlı olmayıb. O bildirib ki, fasiləyə şirkətin uçuş məlumatlarının emalı sistemində yaranan problem səbəb olub.