Texasın qubernatoru Milli Qvardiyanın ştatda yerləşdirilməsi ilə bağlı qərar qəbul edib - "Dinc etiraz qanunidir, insana və ya əmlaka zərər vurmaq qanunsuzdur və saxlanılma ilə nəticələnəcək"
Texasın qubernatoru Qreq Ebot onun ştatında Milli Qvardiyanın qüvvələrinin yerləşdirilməsi ilə bağlı Amerika mediasında yayılan məlumatı təsdiqləyir. Bu barədə Qreq Ebot X sosial şəbəkəsində yazıb.
O, müvafiq qərarı Texasın bir neçə şəhərində cari immiqrasiya reydlərinə qarşı keçirilən nümayişlərə görə qəbul edib.
“Texasın Milli Qvardiyası ştat çərçivəsində sülh və asayişi təmin etmək üçün müxtəlif yerlərə yerləşdiriləcək. Dinc etiraz qanunidir. İnsana və ya əmlaka zərər vurmaq qanunsuzdur və saxlanılma ilə nəticələnəcək. Texasın Milli Qvardiyası hüquq-mühafizə orqanlarının əməkdaşlarına asayişin qorunub saxlanmasında kömək etmək üçün bütün vasitə və strategiyadan istifadə edəcək” – Ebot yazır.
Kaliforniyada cümə günündən bəri İmmiqrasiya İcraatı Xidmətinin reydlərinə qarşı nümayişlər və iğtişaşlar davam edir. İğtişaşlar fonunda ABŞ Prezidenti Donald Tramp ötən həftənin sonunda Milli Qvardiyanın bölmələrini Los-Ancelesə göndərmək qərarını qəbul etdi. Daha sonra ABŞ-nin ən azı on şəhərində, o cümlədən Texasın şəhərlərində – Ostin və Dallasda etiraz çıxışları başladı.