Təhsil Nazirliyində Givi Mikanadze Tbilisi Dövlət və Texniki universitetlərinin rektorları və professor-müəllim heyəti ilə görüşü
Təhsil Nazirliyində Givi Mikanadze Tbilisi Dövlət və Texniki universitetlərinin rektorları və professor-müəllim heyəti ilə görüşü

Gürcüstanın təhsil naziri Givi Mikanadze Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinin rektorları və professor-müəllim heyəti ilə görüş keçirir.

Görüş Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyində baş tutur. Müzakirə olunan əsas məsələ təhsil islahatı və Tbilisi Dövlət Universiteti ilə Texniki Universitetin birləşdirilməsidir.

Görüş başlamazdan əvvəl universitet nümayəndələri media qarşısında açıqlamalar veriblər.

Texniki Universitetin Energetika fakültəsinin dekanı, professor Ketevan Kutateladzenin jurnalistlərə bildirdiyinə görə, təhsil islahatlarının həyata keçirilməsi mövcud institutların bazasında mümkündür.

“Mənim mövqeyim ondan ibarətdir ki, islahatlar mövcud institutların bazasında aparıla bilər. Mühəndislik mürəkkəb sahədir və onun islahatı mövcud institut çərçivəsində mümkündür. Biz islahatları dəstəkləyirik, inkişaf da, dəstək də istəyirik, lakin hesab edirik ki, bu, mövcud institutun qorunması ilə daha səmərəli olar”, – deyə Ketevan Kutateladze bildirib.

Gürcüstan Texniki Universitetinin professoru Manana Mağradzenin sözlərinə görə, onun mövqeyi universitetlərin birləşdirilməsinə qarşıdır.

“Əgər birləşməyə müsbət yanaşsaydım, burada olmazdım. Düşünürəm ki, hökumət öz xalqına qulaq asmalıdır. Əgər arqumentlərimizi dinləsələr, qərarlarını dəyişəcəklər. Əgər bizi dinləməsələr, onda heç nə dəyişməyəcək. Hökumətə çox sayda narazı və qəzəbli vətəndaşının olmasını məsləhət görmürəm”, – deyə Manana Mağradze qeyd edib.

Eyni zamanda media nümayəndələrinə Tbilisi Dövlət Universitetinin Sosial və Siyasi Elmlər fakültəsinin professoru İaqo Kaçkaçişvili də açıqlama verib. Onun sözlərinə görə, “bu siyasətlə hakimiyyət universitetləri cəzalandırır və onları qanundan kənar elan edir”.

“Universitet cəmiyyətə təsir göstərmək potensialına sadəcə malik deyil, bu onun borcudur. Bu siyasətlə hakimiyyət universitetləri cəzalandırır, onları hökumət vertikalına tabe olan, müstəqilliyi məhdudlaşdırılmış qurumlara çevirir. İki universitetin birləşdirilməsinə də məhz bu prizmadan baxmaq lazımdır. Bu, onların müstəqilliyinə və muxtariyyətinə qarşı ciddi və kobud müdaxilədir. Görüşdə də məhz bunu deməyi planlaşdırıram”, – deyə İaqo Kaçkaçişvili bildirib.