Təhsil Nazirliyi: PISA-nın son tədqiqatına əsasən, Gürcüstan bütün əsas sahələr üzrə göstəricilərini yaxşılaşdırıb. Riyaziyyat və təbiət elmləri üzrə ən yüksək nəticələr əldə olunub
Gürcüstanın Təhsil Nazirliyinin məlumatına görə, Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramının – PISA-nın 2025-ci il üzrə tədqiqatının nəticələri açıqlanıb. Nəticələrə əsasən, 2022-ci il göstəriciləri ilə müqayisədə Gürcüstan bütün əsas sahələr üzrə nəticələrini yaxşılaşdırıb. Riyaziyyat və təbiət elmləri üzrə son on ildə ən yüksək nəticələr əldə olunub.
“PISA-nın nəticələri göstərib ki, Gürcüstan təbiət elmləri üzrə nəticələrin yaxşılaşdırılması baxımından tədqiqatda iştirak edən 91 ölkə arasında birinci yerdədir.
Qlobal miqyasda nəticələrin azaldığı bir şəraitdə Gürcüstan sabit inkişaf və müsbət dinamikanı qoruyub. Beynəlxalq tendensiya hər üç istiqamət üzrə nəticələrin pisləşməsini göstərsə də, bunun əksinə olaraq, Gürcüstan öz göstəricilərini yaxşılaşdırıb. Aşağı nəticə göstərən şagirdlərin payı azalıb. Bu isə o deməkdir ki, 2025-ci ildə əvvəlki illərlə müqayisədə aşağı nəticə göstərən şagirdlərin faizi daha az olub.
Gürcüstan aşağı nəticə göstərən şagirdlərin göstəricilərinin yaxşılaşdırılması baxımından 91 ölkə arasında ilk üçlükdə yer alır. Şəhər və kənd məktəblərində təhsil alan şagirdlərin nəticələri arasındakı fərq azalıb. Bu, bərabərliyin təmin olunması baxımından mühüm amillərdən biridir. Xüsusilə qeyd edilməlidir ki, təbiət elmləri və riyaziyyat üzrə kənd məktəblərində təhsil alan şagirdlərin nəticələrində artım qeydə alınıb.
Gürcüstanda şagirdin sosial statusu və bununla bağlı amillərin onun akademik nəticələrinə təsiri OECD ölkələri ilə müqayisədə daha azdır. Bu, açıq şəkildə müsbət göstəricidir. Belə ki, beynəlxalq göstərici ilə müqayisədə Gürcüstanda aşağı sosial-iqtisadi statusa malik olmasına baxmayaraq, PISA testində yüksək nəticə göstərən “yüksək nailiyyətli şagirdlərin” payı daha çoxdur.
Tədqiqat şagirdlərin təhsil mühitini müsbət qiymətləndirdiyini də göstərib. Sorğunun nəticələrinə əsasən, məktəbə bağlılıq, intizam və bullinq səviyyəsi kimi göstəricilər üzrə Gürcüstanın nəticələri beynəlxalq orta göstəriciyə bərabərdir və ya onu üstələyir. Şagirdlər ölkədə sosial mobillik imkanlarını da müsbət qiymətləndirirlər.
2022-ci ilin nəticələri pandemiyanın ölkələrin təhsil göstəricilərinə mənfi təsir etdiyini göstərmişdi. Lakin beynəlxalq tendensiyadan fərqli olaraq, Gürcüstanın nəticələrində ciddi dəyişiklik baş verməyib. Yalnız oxu üzrə göstəricidə cüzi azalma qeydə alınıb ki, bu da hazırda qlobal tendensiyadır.
2025-ci ildə qiymətləndirmənin əsas istiqaməti təbiət elmləri olub. Ölkələr və iqtisadiyyatlar üzrə müqayisəyə əsasən, təbiət elmləri üzrə şagirdlərin nəticələrinə görə Gürcüstan Bolqarıstan, Moldova, Qazaxıstan, Malayziya, Kipr, Şimali Makedoniya, Ermənistan, Azərbaycan, Braziliya, Argentina və digər ölkələri qabaqlayır.
Qeyd edək ki, əvvəlki – 2022-ci il PISA tədqiqatında dünyanın 81 ölkəsi iştirak edirdisə, 2025-ci ildə iştirakçı ölkələrin sayı 91-ə yüksəlib. Bu da Gürcüstanın əldə etdiyi nəticələri daha da diqqətçəkən edir.
2025-ci il üzrə qiymətləndirmə PISA proqramının sayca doqquzuncu mərhələsidir. PISA 2025-ci ilə qədər hər üç ildən bir keçirilirdi. 2025-ci ildən etibarən isə PISA dövrünün müddəti dörd ilə qədər artırılıb.
Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramı – PISA 2000-ci ildən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının – OECD-nin himayəsi altında həyata keçirilir. Gürcüstan PISA proqramına ilk dəfə 2010-cu ildə qoşulub.
PISA 15 yaşlı yeniyetmələrin yetkin həyatın qarşısına çıxan çağırışlara hazırlıq səviyyəsini qiymətləndirir. Qiymətləndirmənin əsas istiqamətləri oxu, riyaziyyat və təbiət elmləridir”, – deyə Təhsil Nazirliyinin məlumatında qeyd olunur.