Təhsil Nazirliyi - Dərs proqramından heç bir əsər çıxarılmayıb, milli imtahanların yeni proqramı milli dərs planı ilə nəzərdə tutulmuş məcburi ədəbiyyata əsaslanıb
Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyi sosial şəbəkədə vahid milli imtahanların gürcü dili və ədəbiyyatı proqramından konkret əsərlərin çıxarılması ilə bağlı yayılan məlumata münasibət bildirir.
Nazirliyin bəyanatında deyildiyi kimi, dərs proqramından heç bir əsər çıxarılmayıb, milli imtahanların yeni proqramı isə milli dərs planı ilə nəzərdə tutulmuş məcburi ədəbiyyata əsaslanıb.
“Cəmiyyətin yüksək marağından irəli gələrək nəzərinizə çatdırırıq ki, tədris proqramı dəyişdirilməyib və proqramdan heç bir əsər çıxarılmayıb. Vahid milli imtahanların yeni proqramı milli dərs planı ilə nəzərdə tutulmuş məcburi ədəbiyyata əsaslanıb. Əgər 2025-ci ilin imtahan proqramının siyahısında konkret əsərlər yoxdursa, bu o demək deyil ki, bu əsərlər artıq məktəblərdə tədris olunmur.
Hər bir abituriyentin maraqlarının qorunması və təhsilə bərabər çıxışı təmin etmək üçün imtahan proqramının yalnız məcburi əsərlərə əsaslanması vacibdir. Buradaca nəzərinizə çatdırırıq ki, fənn standartlarına yenidən baxılır və ekspertlər qrupu tərəfindən bunun üzərində işlənilir. Reviziya prosesində məcburi ədəbiyyatın siyahısına yenidən baxılacaq və yenilənəcək. İstəyimiz sözügedən qrupa həm yayılmış məlumatda sadalanan ədəbiyyatı, həm də şagirdlərdə milli-vətənpərvərlik dəyərlərinin formalaşmasına daha da kömək edəcək bütün əsərləri təklif etməkdir. Müvafiq olaraq, ümid edirik ki, gələcəkdə qeyd olunan əsərlər məcburi ədəbiyyat statusu ilə imtahan proqramına daxil ediləcək” – Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyinin bəyanatında deyilir.