Tehran ABŞ və İsrailə xəbərdarlıq edib: Ayətullah Əli Xameneinin dəfn günlərində hücum olarsa, cavab sərt olacaq
Tehran ABŞ və İsraili Ayətullah Əli Xameneinin dəfn mərasimi və matəm günlərində İrana qarşı hər hansı hücum həyata keçirməməyə çağırıb.
“Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdollahi bildirib ki, belə bir addım atılacağı təqdirdə İranın cavabı sərt olacaq.
“İranın düşmənlərini, xüsusilə ABŞ və sionist rejimi hər hansı səhvə yol verməməyə çağırırıq. Onlar ölkəmizə qarşı istənilən təhdid və təcavüzə görə silahlı qüvvələrimizin verəcəyi sərt cavabı nəzərə almalıdırlar”, – deyə Abdollahi bildirib.
Mətbuatın yaydığı məlumata görə, bir neçə gün əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi də oxşar bəyanatla çıxış edib. Onun sözlərinə görə, İrana qarşı hücum olacağı təqdirdə Tehran “dərhal və qətiyyətli cavab” verəcək.
Xatırladaq ki, Ayətullah Əli Xameneinin həlak olması barədə ilk məlumat fevralın 28-də yayılıb, İran dövlət mediası isə bu xəbəri martın 1-də təsdiqləyib. Məlumata görə, o, ABŞ və İsrailin İrana qarşı birgə hücumunun ilk günündə Tehrandakı iqamətgahına endirilən zərbə nəticəsində həlak olub. Davam edən hərbi əməliyyatlar səbəbindən onun dəfn mərasimi təxirə salınmışdı.