Tea Tsulukiani - Komissiyanın rəyində “Milli Hərəkat”ın, Saakaşvili və onlarla əlaqəli şəxslərin törətdiyi bütün faktlar toplanıb, sənəd, ilk növbədə, bunun üçün əhəmiyyətlidir
“2003-2012-ci illərdə fəaliyyət göstərən rejim, bu rejimin siyasi vəzifəli şəxslərinin və siyasi partiyalarda birləşmiş hazırkı və sabiq vəzifəli şəxslərin 2003-cü ildən bu günədək fəaliyyətini öyrənən” Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının iclasının sədri Tea Tsulukiani bugünkü iclasda komissiyanın işinin mərhələlərini ümumiləşdirib.
Tsulukiani həmçinin rəy tərtib edərkən nəyə əsaslandıqlarını və hansı prinsiplə işlədiklərini izah edib.
“Hamımızın birlikdə keçdiyi mərhələləri ümumiləşdirmək istərdim. Fevralın 5-dən sonra bugünkü iclas da daxil olmaqla, 46 iclas keçirmişik, 139 nəfəri dindirmişik, o cümlədən 4 nəfər iki dəfə dindirilib. Bir səfər iclasımız oldu, keçmiş 13 saylı cəzaçəkmə müəssisəsini ziyarət etdiyimiz Xoniyə səfərimiz oldu. Rəy tərtib edərkən dindirilmiş şəxslərin izahatlarına, sayı bu günə olan vəziyyətə görə 775 olan bəyanatlarına, bəyanatlarda deyilən faktlara və məlumatlara əsaslandıq. Həmçinin, qeyd olunan dövrdə tədqiqat mövzuları ilə bağlı bütün beynəlxalq hesabat və ya qiymətləndirməni öyrənmişik. Rəy tərtib edərkən həmçinin milli, beynəlxalq məhkəmələrin qərarlarına və hökmlərinə, qeyd olunan dövrdə verilmiş və tədqiqat mövzularına aid olan beynəlxalq təşkilatların hesabatlarına əsaslandıq. Rəy 400 səhifədən, daha doğrusu 430 səhifədən ibarətdir. Səhifələrin sayına bir neçə onlarla səhifəni əhatə edən əlavələrin siyahısı daxil deyil” – Tea Tsulukiani bildirib.
Tsulukianinin qeyd etdiyi kimi, “Rəy, ilk növbədə, ona görə əhəmiyyətlidir ki, orada “Milli Hərəkat”ın, Mixeil Saakaşvili və onlarla əlaqəli şəxslərin 2003-cü ilin noyabrından bugünkü gün də daxil olmaqla törətdiyi bütün faktlar və əməllər toplanıb”.
“Yaşından asılı olmayaraq, bu sənədlə tanış olan istənilən şəxs ölkəmizdə nələrin baş verdiyini, faktların necə olduğunu görəcək. Böyük ümidim var ki, gənclər də onunla tanış olacaqlar. Rəy təkcə hansısa üzvün və ya komissiyanın qiymətləndirmələrini ehtiva etmir, sənəddə xronoloji ardıcıllıqla ən yeni tariximizə aid faktlar və məlumatlar toplanıb. Bu sənədin dəyəri budur. Ümid edirəm ki, bu sənəd müxtəlif istiqamətlərdə əlavə məlumatın əldə edilməsi baxımından müvafiq istintaq orqanlarının da işinə yarayacaq. Həmçinin, həqiqi təhlil, tədqiqat aparmaqda və bunu öz vətəninin, dövlətinin maraqları naminə istifadə etməkdə istəkli olan müvafiq məhkəmələrə, qeyri-hökumət təşkilatlarına faydalı olacaq. Belə qeyri-hökumət təşkilatları var, gücləndirilməsinə ehtiyac var və bu material onların işinə yarayacaq” – Tea Tsulukiani bildirib.