Tea Axvlediani “Gürcüstan” və “Vrastan” redaksiyalarının nümayəndələri ilə görüşüb
Tea Axvlediani “Gürcüstan” və “Vrastan” redaksiyalarının nümayəndələri ilə görüşüb

 
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani Azərbaycandilli “Gürcüstan” və ermənidilli “Vrastan” qəzetlərinin rəhbərliyi və redaksiyaların əməkdaşları ilə görüş keçirib.

Dövlət naziri görüşdə vətəndaş bərabərliyi və inteqrasiya dövlət siyasətindən danışıb; Gürcüstanda yaşayan etnik azlıqların “media və informasiyaya çıxışının təmin edilməsi” məqsədinə xidmət edən strateji prioriteti vurğulayıb. Nazir qeyd edib ki, etnik azlıqların sıx məskunlaşdığı regionların, xüsusən də yetkin əhalinin müəyyən hissəsinin dövlət dilini bilməməsi çağırışına cavab olaraq, onların ölkədə və onun hüdudlarından kənarda gedən siyasi, sosial-iqtisadi, mədəni proseslər və aktual məsələlərlə, eləcə də yaradılan imkanlarla bağlı ana dilində məlumatlandırılması olduqca mühüm vəzifədir. Məhz buna görə də dövlətin dəstəyi ilə “Vrastan” və “Gürcüstan” qəzetlərinin nəşr edilməsi davam edir, onlar eyni zamanda, Gürcüstanın mədəni rəngarəngliyinin təqdim edilməsinə və populyarlaşdırılmasına xidmət edirlər, bununla da vətəndaş inteqrasiyası prosesinin səmərəliliyinin artırılmasına və qarşıya qoyulan məqsədlərə nail olunmasına öz töhfələrini verirlər.

Dövlət naziri görüş iştirakçılarını qəzetlərin inkişafına kömək vermək məqsədi ilə, Dövlət Naziri Aparatının təşəbbüsü ilə, müstəqil tədqiqat təşkilatı tərəfindən aparılmış araşdırmanın nəticələri və tövsiyələri ilə tanış edib, onların nəzərə alınması redaksiyalara gələcək fəaliyyətlərini ehtiyaclara daha çox uyğunlaşdırmağa kömək edəcək. Görüş interaktiv rejimdə keçirilib. Qəzetlərin redaktorları öz növbələrində fəaliyyətlərdən və gələcək planlardan danışıblar.

Tea Axvlediani Dövlət Naziri Aparatının bundan sonra da dəstəyini göstərməyə hazır olduğunu bildirib.

“Azərbaycandilli “Gürcüstan” və ermənidilli “Vrastan” qəzetlərinin redaksiyaları ilə bugünkü görüş çox faydalı və əhəmiyyətli idi, nəzərə alsaq ki, məhz indi vətəndaş bərabərliyi və inteqrasiya dövlət siyasətinin prioritetlərinə uyğun olaraq, gələcək iki illik fəaliyyətimizin planlaşdırılması prosesi gedir, bu prosesdə bir əsrlik tarixə malik bu nəşrlərin hər ikisi mühüm rol oynayır, xüsusən bizim qeyri-gürcüdilli əhalinin sıx məskunlaşdığı regionlarda ana dilində informasiyaya çıxışın təmin edilməsi baxımından. İki illik fəaliyyət planı çərçivəsində də onların yerli əhalimiz üçün aktual mövzular, dövlət proqramları və imkanlar üzrə bir növ bələdçi rolunu daha da yaxşı yerinə yetirə bilmələri üçün bu gün biz fəaliyyəti qiymətləndirdik, Dövlət Naziri Aparatının təşəbbüsü ilə aparılmış genişmiqyaslı müstəqil araşdırmanın nəticələrini müzakirə etdik və bunun əsasında da redaksiyaların fəaliyyətinin səmərəliliyinin daha da artırılması yollarını müəyyən etdik” – dövlət naziri Tea Axvlediani bildirib.

Bu haqda məlumatı Dövlət Naziri Aparatı yayır.