Tea Axvlediani Gürcü Dili Günü ilə əlaqədar Samtsxe-Cavaxeti Universitetində etnik azlıqların nümayəndələri olan tələbələr ilə görüşüb
Tea Axvlediani Gürcü Dili Günü ilə əlaqədar Samtsxe-Cavaxeti Universitetində etnik azlıqların nümayəndələri olan tələbələr ilə görüşüb

 

Dövlət naziri Tea Axvlediani Gürcü Dili Günü ilə əlaqədar Samtsxe-Cavaxeti Universitetində etnik azlıqların nümayəndələri olan tələbələr ilə görüşüb.

Dövlət naziri gəncləri Gürcü Dili Günü münasibətilə təbrik edib, onun tarixi əhəmiyyətini vurğulayıb və müxtəlif etnik qrupların nümayəndələri olan tələbələrin təhsili, peşəkar inkişafı və vətəndaş inteqrasiyası üçün ən vacib ilkin şərt kimi Gürcüstanın mədəni və linqvistik cəhətdən rəngarəng cəmiyyətində dövlət dilinin bilinməsinin əhəmiyyətinə diqqət çəkib.

Tea Axvlediani gəncləri qurumun səlahiyyətinə daxil olan barışıq və iştirak, vətəndaş bərabərliyi və inteqrasiya siyasətinin əsas istiqamətləri ilə tanış edib və milli prioritetlərin həyata keçirilməsində gənclərin fəal iştirakının və rolunun artırılmasının əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində Samtsxe-Cavaxeti Universitetinin “1+4 Gürcü Dili Hazırlığı Proqramı”nın rəhbəri Natela Beridzenin etnik azlıqların nümayəndələri olan tələbələr üçün gürcü dilinin tədrisində uzun illər verdiyi töhfə qeyd edilib. Həmçinin, gürcü dili hazırlıq kursunu uğurla bitirən, ən yaxşı nəticələr göstərən və yüksək akademik göstəriciləri ilə seçilən tələbələrə rəmzi hədiyyələr verilib.

1+4 proqramı etnik azlıqların nümayəndələri olan gənclərə bir il ərzində gürcü dili biliklərini dərinləşdirmək və daha sonra təhsillərini ali təhsil müəssisələrində davam etdirmək imkanı verir.

“Bu il biz Gürcü Dili Gününü dövlətin dəstəyi ilə gürcü dilini öyrənən və bu yolla sonrakı inkişaf və uğurlu gələcək üçün mühüm addımlar atan Samtsxe-Cavaxeti Universitetinin etnik azlıqların nümayəndələri olan tələbələri ilə birlikdə qeyd etdik. Şadam ki, belə məqsədyönlü və motivasiyalı gənclərlə birbaşa və səmimi mühitdə gürcü dilinin bilik səviyyəsinin artırılması, onun daha geniş yayılması və inkişafı, eləcə də dövlətçilik statusunun gücləndirilməsinin əhəmiyyəti barədə müzakirə aparmaq imkanı əldə etdim. Bu da şübhəsiz ki, çoxmillətli cəmiyyətimizin daha da möhkəmlənməsi və konsolidasiyası üçün ən vacib amillərindən biridir. Buradaca, qeyri-gürcüdilli əhali arasında dövlət dilinin tədrisi və populyarlaşdırılmasına xüsusi töhfə verən bütün müəllimlərə təşəkkürümü bildirmək və onların zəhmətini yüksək qiymətləndirmək istərdim” – dövlət naziri Tea Axvlediani bildirib.

Dövlət naziri Tea Axvlediani Samtsxe-Cavaxeti Bölgəsi üzrə Dövlət Nümayəndəsinin Administrasiyasının və etnik azlıqların sıx yaşadığı bələdiyyələrin merlərinin yenilənmiş tərkibi ilə işgüzar görüş keçirib. Görüş çərçivəsində Vətəndaş Bərabərliyi və İnteqrasiyası üzrə Dövlət Siyasətinin həyata keçirilməsi prosesində əldə edilən nəzərəçarpacaq nəticələr və mövcud ehtiyaclara cavab olaraq gələcək addımlar müzakirə olunub.

Məlumatı dövlət nazirinin aparatının mətbuat xidməti yayır.