“Tbilisoba” bu il oktyabrın 3-4-də keçiriləcək
“Tbilisoba” bu il oktyabrın 3-4-də ən böyük miqyasda, şəhərin beş yerində qeyd olunacaq – bu barədə Tbilisinin meri Kaxa Kaladze bələdiyyə hökumətinin bugünkü iclasında bildirib.
Onun izahatına əsasən, Riğe parkı və Orbeliani meydanı ilə yanaşı, ziyarətçilərə Qudiaşvili meydanı, Leğvtaxevi, Avropa meydanı və Metexi körpüsü ev sahibliyi edəcək.
“Gələn qonaqları rəngarəng mədəni, əyləncəli, maarifləndirici və vizual fəaliyyətlər gözləyir. Tədbir ərazisinə ənənəvi olaraq bayram dekorasiyaları və installyasiyaları, fotozonalar, istirahət sahələri və açıq kinoteatr yerləşdiriləcək. Sahibkarlıq və qastronomiya zonaları təşkil olunacaq, gürcü və xarici mətbəx, kulinariya zonaları və master-klasslar, “fast-food” qidalanma obyektləri, ənənəvi şirniyyat, bal və şərab sərgisi, satışı və dequstasiyası, müasir qənnadı məhsulları təqdim ediləcək” – Kaxa Kaladze bildirib.
Onun sözlərinə əsasən, Tbilisinin fəxri vətəndaşlarının mükafatlandırılması mərasimi oktyabrın 4-ü saat 20:00-da keçiriləcək və birbaşa efirdə yayımlanacaq.
“Gün ərzində bütün məkanlarda uşaq konsertləri, əyləncəli və idman fəaliyyətləri təşkil olunacaq. Hər iki günün proqramı musiqili gecələr və teatrlaşdırılmış tamaşalarla yekunlaşacaq. Ətraflı təsviri olan tam proqramla Tbilisi Meriyasının rəsmi veb-saytında tanış ola bilərsiniz” – Kaxa Kaladze qeyd edib.