Tbilisi Meriyasının qərarına əsasən, paytaxtda qurulan “Yeni il kəndi” yanvarın 14-dək fəaliyyət göstərəcək – bu haqda Tbilisinin meri Kaxa Kaladze “Facebook” sosial şəbəkəsində birbaşa bağlantı zamanı bildirib.
Paytaxtın meri Yeni il günlərinin yanvarın 14-dək davam edəcəyini və “Yeni il kəndi”nə gələnləri çoxlu maraqlı tədbirlərin qarşılayacağını deyib.
“Demişdik ki, “Yeni il kəndi” yanvarın 7-i də daxil olmaqla fəaliyyət göstərəcəkdi, lakin Yeni il günlərinin uzadılması xahişi ilə çoxlu məktublar daxil oldu. Qərar verdik və “Yeni il kəndi” yanvarın 14-dək fəaliyyət göstərəcək. “Yeni il kəndi” ənənəsinin əsasını 2017-ci ildən qoymuşuq, hər il daha da genişlənən müvafiq məkan yaratmışıq. Bu il “Yeni il kəndimiz” xüsusilə gözəldir. Çox sayda insan, həm Tbilisi sakinləri, həm də paytaxtın qonaqları, turistlər ziyarət edir. Rəngarəng proqramımız var, böyük buz meydançası fəaliyyət göstərir. Bu miqyasda buz meydançası heç vaxt təşkil olunmayıb. “Yeni il kəndimiz”in çox gözəl bəzədildiyinə şadam. Yanvarın 14-dək hər kəsin övladları, nəvələri ilə gəlmək, əylənmək, tamaşalara, müxtəlif tədbirlərə baxmaq imkanı olacaq” – Kaxa Kaladze qeyd edib.
Bununla yanaşı, paytaxt meri əhalini Milad və Yeni il münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.