Bu il Tbilisiyə 55 yay uşaq bağçası xidmət göstərəcək, qeydiyyat isə iyunun 9-da başlayacaq və ayın sonuna qədər davam edəcək.
Meriyanın sosial layihəsi barədə məlumatı vətəndaşlara bu gün Tbilisinin meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında təqdim edib.
“Bu il layihənin miqyası genişlənir və Tbilisinin Uşaq Bağçalarının İdarəolunması Agentliyinin qərarına əsasən, iyulda paytaxtda 50 əvəzinə 55 uşaq bağçası fəaliyyət göstərəcək. Yay uşaq bağçaları 20 000 – ə qədər körpəyə xidmət göstərəcək. Yay uşaq bağçalarına qeydiyyat elektron qaydada həyata keçirilir və Tbilisinin Uşaq Bağçalarının İdarəolunması Agentliyinin veb saytında – www.kids.org.ge – aparılacaq. Qeydiyyat iyunun 9-u saat 10:00-dan başlayacaq və ayın sonuna qədər davam edəcək.
Layihədən Tbilisinin uşaq bağçalarında qeydiyyatda olan 2-dən 6 yaşadək uşaqlar, o cümlədən sentyabr ayında bağçanı bitirib məktəbə gedəcək uşaqlar da yararlana biləcəklər” – Kaxa Kaladze bildirib.
O deyib ki, ötən ilin təcrübəsi paytaxtda yay uşaq bağçası xidmətinə tələbatın kifayət qədər yüksək olduğunu göstərib, çünki işləyən Tbilisi sakinlərinin böyük hissəsi iyul ayında şəhərdən çıxa bilmir.
“Bununla yanaşı, layihənin həyata keçirilməsi uşaq bağçalarında çalışan əməkdaşlar üçün də əhəmiyyətlidir, çünki onlar yay uşaq bağçalarında işlədiklərinə görə əlavə əməkhaqqı alacaqlar. Bu il 55 uşaq bağçasında 3 300 – ə qədər əməkdaş çalışacaq” – mer qeyd edib.
Tbilisinin meri, sözügedən xidmətin Tbilisinin bütün rayonlarının sakinləri üçün eyni dərəcədə əlçatan olması üçün uşaq bağçalarının coğrafi prinsipə əsasən seçildiyini deyib. Mer bildirib ki, layihə 2025-ci ilin büdcəsindən 5 milyon lariyə qədər maliyyələşdiriləcək.