Tbilisinin uşaq bağçalarında qeydiyyatın birinci mərhələsi iyulun 6-da başlayacaq
Tbilisi miqyasında uşaq bağçalarında 2026-2027-ci tədris ili üçün qeydiyyat iyulun 6-dan başlayacaq.
Paytaxtın meri Kaxa Kaladzenin Tbilisi Bələdiyyə Hökumətinin iclasında bəyan etdiyi kimi, qeydiyyat Tbilisinin Uşaq Bağçalarının İdarə Edilməsi Agentliyinin veb-saytında – kids.org.ge -də üç mərhələdə aparılacaq.
“Uşaqların qeydiyyatı elektron formatda olacaq və iyul ayında başlayacaq. Qeydiyyat Tbilisinin Uşaq Bağçalarının İdarə Edilməsi Agentliyinin veb-saytında üç mərhələdə aparılacaq. Qeydiyyatın birinci mərhələsi iyulun 6-sı saat 10:00-da başlayacaq və iyulun 12-si saat 00:00-dək davam edəcək. Aşağıdakı hədəf qruplarına daxil olan uşaqlar qeydiyyatdan keçəcəklər: Tbilisidə qeydiyyatda olan sosial müdafiəyə ehtiyacı olan ailələrin övladları; xüsusi təhsil ehtiyacları olan uşaqlar; Tbilisinin Körpələr Evinin benefisiarları; Tbilisidə qeydiyyatda olan tək valideyn statusuna malik vətəndaşların övladları; Həmçinin, Tbilisidə qeydiyyatda olan çoxuşaqlı valideyn statusuna malik vətəndaşların övladları; hərbi qulluqçuların övladları; bağçada artıq bacısı və ya qardaşı təhsil alan uşaqlar; bağça əməkdaşlarının övladları” – Kaxa Kaladze qeyd edib.
Qeydiyyatın ikinci mərhələsinə gəlincə, onun verdiyi məlumata əsasən, iyulun 13-ü saat 10:00-da başlayacaq və iyulun 19-u saat 00:00-dək davam edəcək.
“İkinci mərhələdə Tbilisi bələdiyyəsi ərazisində qeydiyyatda olan uşaqlar qeydiyyatdan keçəcəklər, üçüncü mərhələ isə iyulun 20-si saat 10:00-da başlayacaq və ümumi qeydiyyatı nəzərdə tutur, bu isə o deməkdir ki, qeydiyyat yerindən asılı olmayaraq, 2 yaşından 6 yaşınadək bütün uşaqlar Tbilisinin dövlət bağçalarında qeydiyyatdan keçə biləcəklər. Maraqlanan şəxslər qeydiyyatla bağlı daha ətraflı məlumatı Bağçalar Agentliyi, eləcə də Tbilisi Meriyasının qaynar xətti vasitəsilə əldə edə bilərlər” – paytaxtın meri bildirib.