Tbilisinin Şəhər Məhkəməsində noyabr ayının etiraz aksiyalarının iştirakçısı olan 11 ictimai fəalın inzibati işinə baxılır
Tbilisinin Şəhər Məhkəməsində “Dəyişiklik Naminə Koalisiyası”, “Addım”, “Tərk et” təşkilatlarının üzvlərinin və noyabr ayının etiraz aksiyalarının iştirakçısı olan, ümumilikdə 11 nəfərin inzibati işinə baxılır. İşə hakim Zviad Tsekvava baxır.
İctimai fəallar noyabrın 10-da Mtkvarinin sağ və sol sahillərinin, noyabrın 17-də isə Varazisxevi və Cavcavadze prospektinin bağlanmasında ittiham olunurlar. Nika Qvaramianı bunu təşkil etməkdə günahlandırırlar, lakin Qvaramianın başqa bir iş üzrə inzibati həbsdə olması səbəbindən bugünkü prosesdə o, iştirak etmir və onun işi hakim tərəfindən ayrılıb. Qvaramianın işinə dekabrın 23-də baxacaqlar.
Daxili İşlər Nazirliyinin nümayəndəsinin dediyi kimi, aksiya iştirakçıları küçələri süni şəkildə bağlayıblar, nümayişçilərin sayı küçələrin bağlanmasını tələb etmirdi və əllərində bunu sübut edən müvafiq video dəlillər də var.
Aksiya iştirakçılarının mövqeyinə gəlincə, onların vəkilləri bildiriblər ki, aksiyanın on minlərlə iştirakçısı ərazidə olub və onlar fiziki olaraq səkiyə sığışa bilməzdilər, müvafiq olaraq küçələrin bağlanması legitim idi. Vəkillər deyiblər ki, onların toplaşmaq azadlığı və nümayiş keçirmək hüququ var, o cümlədən əgər insanların sayı bunu tələb edirsə yolun hərəkət hissəsində, nəqliyyatın ləngiməsi ilə.
Hakim Zviad Tsekvavanın uzaqlaşdırılması ilə bağlı vəsatət ikinci dəfə qaldırılıb. Videomaterialın işə əlavə edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin vəsatətinin təmin edilməsi birinci dəfə buna əsas olub. Vəkillər bu materiallarla tanış olmadıqlarını və işə əlavə edilməməli olduğunu iddia edirdilər. Şahidlərin dindirilməsindən imtina edilməsi hakimin uzaqlaşdırılması ilə bağlı vəsatət üçün ikinci dəfə əsas olub.
Lakin, heç bir halda Tsekvava onun uzaqlaşdırılması barədə vəsatəti təmin etməyib.