Tbilisinin Meriyası – Sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmələrin təhsili və sağlam həyat tərzini dəstəkləmək məqsədilə çox sayda proqram həyata keçirilir

14:17, 24.06.2026

 

Paytaxtın meriyası Tbilisi bələdiyyəsində sosial müdafiəyə ehtiyacı olan ailələrin vahid məlumat bazasında 70 000 və daha aşağı reytinq balı ilə qeydiyyatda olan uşaq və yeniyetmələrin təhsili, sağlam həyat tərzini dəstəkləmək məqsədilə çox sayda proqram həyata keçirir.

Tbilisinin meri Kaxa Kaladze Səhiyyə və Sosial Xidmətlər Şəhər İdarəsinin proqramlarının gedişatı barədə ictimaiyyətə bu gün paytaxt hökumətinin iclasında məlumat verib.

“Meriya sosial müdafiəyə ehtiyacı olan ailələrin 18 yaşınadək üzvlərinin Milli Şagird-Gənclər Sarayında, idman məktəblərində, üzgüçülük hovuzlarında, şagird-gənclər evlərində və incəsənət məktəblərində təhsilini maliyyələşdirir. Sözügedən proqramlar çərçivəsində ildə orta hesabla 10 min şagird maliyyələşdirilir. Şagird və gənclər musiqi, xoreoqrafiya, bədii qiraət, təsviri və tətbiqi incəsənət istiqamətlərini və fənn dərnəklərini seçə bilərlər. Meriya, həmçinin futbol, gimnastika, üzgüçülük, güləş və digər idman növlərinin tədrisini maliyyələşdirir” – Kaxa Kaladze bildirib.

Merin sözlərinə əsasən, şagird və gənclər hər üç proqram çərçivəsində bir istiqamət/dərnək seçmək hüququna malikdirlər. Belə ki, bir şagird üç müxtəlif fəaliyyət növü seçə bilər.

Tbilisi merinin verdiyi məlumata əsasən, təhsil müəssisələrinin, eləcə də Milli Şagird-Gənclər Sarayının rəhbərliyinə ərizə ilə müraciət etmək əsasında bu xidmətdən yararlanmaq mümkündür.

Məlumatı Tbilisinin Meriyası yayır.

Oxşar