Tbilisinin Meriyası – Heyvanların Monitorinqi Agentliyinin əməkdaşlarına yönəlik təhdid fəaliyyətə maneə olmaq, fərdi məlumatların qorunmasına məhəl qoymamaq və təhlükəsizliyi pozmaq cəhdidir
Tbilisinin Meriyası Heyvanların Monitorinqi Agentliyi ilə bağlı bəyanat yayır.
Bəyanatda qeyd olunduğu kimi, Heyvanların Monitorinqi Agentliyinin əməkdaşlarına yönəlik təhdid bələdiyyənin fəaliyyətinə maneə olmaq, fərdi məlumatların qorunmasına məhəl qoymamaq və onların təhlükəsizliyini pozmaq cəhdidir.
“Tbilisinin Heyvanların Monitorinqi Agentliyinin əməkdaşlarına yönəlik sosial şəbəkələrdə yayılan təhdidə bir daha münasibət bildirmək istəyirik.
Bir neçə gündür ki, öz vəzifə borclarını vicdanla yerinə yetirən və paytaxta xidmət edən bələdiyyə əməkdaşlarının ünvanına təhdid ehtiva edən çağırışlar və bullinq səngimək bilmir.
Siyasi motivli qruplar sosial şəbəkələrdə monitorinq nümayəndələrinin şəkillərini dərc edir, onları qatil, işgəncə verən, heyvanları diri-diri basdıran adlandırır və yalnız onların özlərini deyil, ailə üzvlərini də təhdid edirlər.
Heyvanların, üstəlik də vətəndaşların hüquqlarının müdafiəsi ilə real olaraq heç bir əlaqəsi olmayan dırnaqarası heyvan müdafiəçiləri destruktiv əməllərlə məşğuldurlar.
Yəqin ki, qazılmış heyvan məzarlıqları, qazılıb çıxarılmış leşlər, heyvan sığınacağına basqın cəhdləri və indi artıq öz fəaliyyətini yerinə yetirən insanların ailələrinin ünvanına birbaşa təhdid yadınızdadır.
Bu, bələdiyyənin fəaliyyətinə maneə olmaq, insanların fərdi məlumatlarının qorunmasına məhəl qoymamaq və onların fiziki təhlükəsizliyini pozmaq cəhdidir.
Cəmiyyətin marağını nəzərə alaraq bir daha izah edirik ki, heyvanlara münasibətdə heç bir qanun pozuntusuna yol verilməyib və verilməyəcək. Qanunsuz qazılan və leşlərin çıxarıldığı məzarlıqlar MMC “Hermes”ə məxsusdur və məhz heyvan leşlərinin basdırılması üçün nəzərdə tutulub.
Heyvanların basdırılması gecə saatlarında həyata keçirilir, çünki gün ərzində agentliyə həm təbii ölümlə, həm də yol-nəqliyyat hadisələri nəticəsində tələf olmuş sahibli və sahibsiz heyvanların çoxsaylı leşləri daxil olur. Gündüz saatlarında onların toplanması, gecə saatlarında isə basdırılması baş verir.
Bütün prosedurlar açıqdır və Heyvanların Monitorinqi Agentliyinin veb-saytına yerləşdirilib. Qeyd olunan məzarlıqlarda həmin dırnaqarası heyvan müdafiəçilərinin Qori sığınacağından gətirdikləri, bir hissəsinin tələf olduğu və daha sonra basdırılması üçün Heyvanların Monitorinqi Agentliyinə müraciət etdikləri heyvanların da leşləri var. Agentliyin guya həqiqətən heyvanları öldürməsinin sübutu kimi həvəslə yaydıqları dırnaqarası ekran görüntüsünə gəlincə, bu, növbəti yalan və böhtandır.
Monitorinqin davamlı olaraq həyata keçirdiyi yeganə azaldılma sahibsiz heyvanların populyasiyasıdır və bu, sterilizasiya yolu ilə icra olunur. Aidiyyəti orqanları qeyd olunan işi araşdırmağa və ona hüquqi qiymət verməyə çağırırıq.
Heyvan müdafiəçisi cildinə girərək Heyvanların Monitorinqinin işinə maneə olan, əməkdaşlarımızı təhqir edən, onları zorbalığa məruz qoyan, məzarları qazan, həm sahibsiz heyvanları, həm də Tbilisi əhalisini təhlükə altına atan insanlar qrupu qanun qarşısında mütləq cavab verməli olacaq” – Meriyanın bəyanatında deyilir.