Tbilisinin meri əyləncə parkı layihəsi ilə əlaqədar "Cartu Fondu" və Britaniya konsaltinq şirkətinin nümayəndələri ilə işgüzar görüş keçirib
Tbilisinin meri Kaxa Kaladze paytaxtda yeni əyləncə və istirahət məkanının təşkili ilə əlaqədar “Cartu Fondu” və Britaniya konsaltinq şirkətinin nümayəndələri ilə işgüzar görüş keçirib.
Tbilisi dənizi ərazisində yeni əyləncə və rekreasiya tematik məkanının yaradılmasını nəzərdə tutan layihədən söz gedir. Britaniya şirkəti LDP, “Cartu Fondu” ilə müqavilə əsasında layihənin texniki-iqtisadi təhlilini aparacaq, ikinci mərhələdə isə konseptual dizayn yaradılacaq.
“Əyləncə parkı çox vacib layihədir. Bu miqyaslı layihə regionda ilk olacaq. Bu sahədə çox təcrübəmiz yoxdur və aparıcı beynəlxalq şirkətlərin dəstəyi çox vacibdir. Həmçinin, “Cartu”nun köməyi çox vacibdir, çünki bu miqyaslı şirkət tapmaq bizim üçün çətin olardı. Bu gün Tbilisidə valideynin uşağını müasir standartlara cavab verən genişmiqyaslı əyləncə parkına aparmaq imkanı yoxdur. Müvafiq olaraq, bu layihəyə ictimai maraq çox yüksəkdir” – Kaxa Kaladze bildirib.
Öz növbəsində, “Cartu Fondu”nun direktoru Nikoloz Çxetiani qeyd edib ki, yeni istirahət zonası bu gün dünyada qəbul edilən bütün əyləncə, idrak və istirahət komponentlərini özündə birləşdirəcək.
“Söhbət Tbilisi dənizi ətrafında yeni rekreasiya-istirahət zonasının yaradılmasından gedir. Yaxın gələcəkdə bu ərazidə həm Tbilisi sakinlərinə, həm də paytaxtın qonaqlarına xidmət edəcək yeni əyləncə parkının tikintisi planlaşdırılır. Bu, bu gün dünyada yayılmış əyləncə, idrak və istirahətin bütün komponentlərini təmin edəcək və özündə birləşdirəcək yeni rekreasiya zonası olacaq. “Cartu Fondu” layihələndirmə prosesində Tbilisi Munisipalitetinə kömək edir. Hazırda bizim rəhbərliyimiz altında Böyük Britaniyadan şirkət işə götürülüb və bu şirkət müvafiq tədqiqatları təmin edəcək və bunun əsasında da daha sonra ətraflı layihələndirmə hazırlanacaq” – Nikoloz Çxetiani bildirib.
Tbilisinin Meriyasında keçirilən görüşdə Tbilisinin vitse-meri Qiorqi Tğemaladze, merin müavini Andria Basilaia, Ətraf Mühitin Mühafizəsi Xidmətinin rəhbəri Paata Toqonidze, “Cartu” Beynəlxalq Xeyriyyə Fondunun direktoru Nikoloz Çxetiani, fondun nümayəndələri və Britaniya konsaltinq şirkətinin nümayəndələri iştirak edirdilər.