Tbilisinin dövlət uşaq bağçalarında baş verən intoksikasiya halları ilə bağlı araşdırmaları Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz aparacaq
Tsitsişvili adına Uşaq Klinikasının tibbi direktoru Maya Çxaidzenin sözlərinə görə, dünən klinikaya intoksikasiya əlamətləri ilə 16 uşaq gətirilib. Onların əsas şikayəti qusma olub.
Çxaidzenin Gürcüstanın Birinci Kanalına verdiyi məlumata görə, xəstələrin heç birinin reanimasiya və ya intensiv terapiyaya ehtiyacı olmayıb.
“Dünən 16 xəstə qəbul etdik. Anamnezə əsasən, əsasən axşam saatlarında qusma başlayıb. Bəzi xəstələrdə ishal müşahidə olunur, bəzilərində isə yox. Heç birində yüksək hərarət yoxdur. Bütün xəstələr dövlət uşaq bağçalarındandır.
Heç bir xəstəyə reanimasiya və ya intensiv terapiya tələb olunmayıb. Lakin dəqiq diaqnoz qoymaq, bunun qida intoksikasiyası, yoxsa başqa səbəbdən yaranan qastroenterit olduğunu müəyyənləşdirmək üçün müvafiq müayinələrin aparılması lazımdır. Araşdırmanı Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəz aparacaq.
Hazırda xəstələri evə buraxmaq mümkün deyil. Çünki onların bəziləri gecə saatlarında klinikaya gətirilib və vəziyyətləri dinamikada müşahidə olunmalıdır. Ehtimal ki, onlarda ishal da başlaya bilər. Bütün xəstələrdə qastroenterit üçün xarakterik klinik mənzərə müşahidə olunur”, – deyə Maya Çxaidze bildirib.
Qeyd edək ki, İstintaq Xidməti 20 uşaq bağçasında baş verən intoksikasiya halları ilə bağlı araşdırmaya başlayıb.
Bununla yanaşı, Tbilisi Uşaq Bağçalarının İdarəetmə Agentliyinin məlumatına görə, epidemioloji risklərin qarşısının alınması məqsədilə yeddi bağçada təlim-tərbiyə prosesi dayandırılıb, 183 bağça isə fəaliyyətini davam etdirir.