Tbilisinin 21 saylı dövlət məktəbinin şagirdləri və valideynləri etiraz aksiyası keçirirlər
Tbilisinin 21 saylı dövlət məktəbinin qarşısında həmin məktəbin şagirdlərinin valideynləri etiraz aksiyası keçiriblər. Valideynlərin sözlərinə görə, aksiyaya səbəb məktəbin binasının qəzalı vəziyyətdə olması barədə aldıqları SMS olub. Məlumata görə, ekspertiza rəyinə əsasən tədris prosesi dayandırılmalı, şagirdlər isə digər məktəblərə köçürülməlidir.
Valideynlərin bildirdiyinə görə, onlar bu barədə məktəb rəhbərliyindən tədris ilinin başlamasına cəmi bir gün qalmış mesaj alıblar. 21 saylı məktəbin şagirdlərinin valideynləri binanın satılması və ya sökülməsi təhlükəsinin də gündəmdə ola biləcəyini istisna etmirlər.
Valideynlərin sözlərinə görə, əgər keçmiş Alman məktəbinin binasında təhsili davam etdirməyin mümkün olmadığı müəyyənləşərsə, pedaqoji kollektiv tam şəkildə qorunub saxlanılmalı və alternativ bina ayrılmalıdır. Onlar təhsilin distant formada davam etdirilməsini qəbul etmirlər.
Bu gün məktəb rəhbərliyi ilə Təhsil Nazirliyinin və Bələdiyyə İnkişaf Fondunun nümayəndələri də görüş keçiriblər. Görüşdən sonra məktəbin direktoru bildirib ki, dünən günün ikinci yarısında məktəbə binanın qəzalı vəziyyətdə olduğu və tədrisin dayandırılmalı olduğu barədə məlumat verilib.
Tərəflər razılaşıblar ki, qarşıdakı bir həftə ərzində uşaqların maraqlarının tam qorunmasını təmin edəcək və məktəb ictimaiyyətini qane edəcək alternativ həll yolu tapılacaq.