Tbilisidəki dövlət uşaq bağçalarına qeydiyyatın birinci mərhələsi bu gün başlayıb

11:10, 06.07.2026

Tbilisidə 2026–2027-ci tədris ili üçün dövlət uşaq bağçalarına qeydiyyat bu gündən başlayıb.

Paytaxt meri Kaxa Kaladzenin sözlərinə görə, qeydiyyat Tbilisi Uşaq Bağçalarının İdarəetmə Agentliyinin kids.org.ge saytında üç mərhələdə elektron qaydada aparılacaq.

Birinci mərhələ iyulun 6-da saat 10:00-da başlayıb və iyulun 12-si saat 00:00-dək davam edəcək. Bu mərhələdə aşağıdakı kateqoriyalara aid uşaqlar qeydiyyatdan keçə biləcəklər:

Tbilisidə qeydiyyatda olan sosial cəhətdən həssas ailələrin övladları;
xüsusi təhsil ehtiyacı olan uşaqlar;
Tbilisi Körpələr Evinin benefisiarları;
Tbilisidə qeydiyyatda olan tək valideyn statusuna malik şəxslərin övladları;
çoxuşaqlı ailələrin övladları;
hərbi qulluqçuların övladları;
eyni ailədən olan bacı-qardaşlar;
uşaq bağçalarında çalışan əməkdaşların övladları.

Merin sözlərinə görə, ikinci mərhələ 13 iyul saat 10:00-da başlayacaq və 19 iyul saat 00:00-dək davam edəcək. Bu mərhələdə yalnız Tbilisi bələdiyyəsinin ərazisində qeydiyyatda olan uşaqlar qeydiyyatdan keçə biləcəklər.

Üçüncü mərhələ isə 20 iyul saat 10:00-da başlayacaq və ümumi qeydiyyatı nəzərdə tutur. Bu mərhələdə qeydiyyat yerindən asılı olmayaraq 2–6 yaş arası bütün uşaqlar Tbilisinin dövlət uşaq bağçalarına qeydiyyatdan keçə biləcəklər.

Qeydiyyatla bağlı daha ətraflı məlumatı maraqlanan şəxslər Uşaq Bağçalarının İdarəetmə Agentliyindən, eləcə də Tbilisi meriyasının qaynar xətti vasitəsilə əldə edə bilərlər.

Oxşar